Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV AĞIR İMTAHAN VERƏCƏK
ZİYA MƏMMƏDOV AĞIR İMTAHAN VERƏCƏK20-02-2012, 12:02 |
NN ŞEFININ BİR YANLIŞI ÖZÜNÜ VƏ HAKIM KOMANDANI TƏHLÜKƏDƏ QOYACAQ DİA.AZ: - Hakimiyyət içində daxili çəkişmələrin bitmədiyi hər kəsə aydındır. Doğrudur, bu kimi faktlar hər zaman təkzib olunub. Bir neçə il əvvəl isə prezident İlham Əliyevin özü də komandaının daxilindəki çəkişmələrə sərt şəkildə reaksiya vermişdi. Xatırladaq ki, həmin ərəfədə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə hazırki təhsil naziri Misir Mərdanovun münasibətləri gərilmişdi. Maraqlı idi ki, birbaşa olaraq Prezident Administrasiyası tərəfindən təlimatlandırılan ATV kanalı da bu çəkişmənin əsas meydanına çevrilmişdi. Əli Nağıyev və Misir Mərdanov istədikləri zaman bir-birilərinin ünvanlarına hücumları məhz bu telekanalda edirdilər. Lakin sonradan prezidentin bu münasibətlərə sərt çıxması və eyni zamanda «kim siyasətlə məşğul olmaq istəyirsə, istefa verib getsin» deməsi o demək idi ki, İlham Əliyev öz komandası daxilində bu kimi neqativ hallara yol verməyəcək. Sonradan Əli Nağıyevin vəzifəsindən alınması da prezidentin sözügedən niyyətinin təzahürü imi qəbul olundu. Amma buna rəğmən yenə də hakimiyyət daxilində hətta çoxillik hesab olunan konfliktlər mövcuddur. Məsələn, bu günlərdə məlum oldu ki, sən demə, nəqliyyat naziri Ziya Məmmədova qarşı təşkil olunan sürücü aksiyalarının atəşlənməsində fövqalədə hallar naziri Kəmaləddin Heydərovun da iştirakı olub. Həmin məlumatlarda bildirilirdi ki, Kəmaləddin Heydərova yaxın şəxslər hətta bəzi sürücülərə aksiyaların təşkili üçün maliyyə vəsaiti də ayırıbmış. Bu günlərdə isə redaksiyamıza sözügedən olaylarla bağlı çox ilginc faktlar daxil olub. Mötəbər qaynağın iddiasına görə, əslində Kəmaləddin Heydərovun həmin ərəfədə NN şefinin istefaya göndərilməsilə bağlı çox ciddi planları olub. Mənbəmizin söylədikləri: «Kəmaləddin Heydərov məsələnin şiddətlənməsində maraqlı idi. Məlumdur ki, FHN şefi hazırda «Azəravtoyolservis» ASC-yə rəhbərlik edən Cavid Qurbanovun nəqliyyat naziri postuna gətirilməsində maraqlıdır. Plana görə isə, bu kimi aksiyaların və ictimai basqının hesabına küncə sıxışdırılan Ziya Məmmədovun durumu gərginləşməli və prezident tərəfindən ona istefa yolu təklif edilməli idi. Lakin plan baş tutmur. Ziya Məmmədovun ayıqlığı FHN şefinin arzularını ürəyində qoyur». Məlumat üçün bildirək ki, nəqliyyat nazirliyinin sözçüsü köhnə sovet maşınlarının taksi kimi xidmət göstərməsi üçün son tarixin 1 may olduğunu bu günlərdə açıqladı. Halbuki həmin tipli avtomobillərin ölkə paytaxtında taksi xidməti göstərməsinə məhdudiyyətlər bu ilin yanvar ayının 1-dən qüvvəyə minməli idi. Bir yandan taksi sürücülərinin mobil şəkildə etiraz aksiyaları təşkil etmələri, digər yandan da rəqiblərinin Ziya Məmmədova qarşı yaranan atmosferə dəstək vermələri NN-nin müvəqqəti də olsa, geri çəkilməsinə səbəb oldu. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) danışan mənbə isə bildirir ki, əslində geriyə doğru atılan bu addım həm də Ziya Məmmədovun qurtuluşu oldu: «Nazir may ayının 1-nə qədər bütün tədarükünü görə bilməsi üçün vaxt əldə etdi. Vəziyyət bir qədər onun xeyrinə dəyişmək üzərədir. Artıq emosiya gərginliyi də arxada qalıb. Və 1 may tarixinə qədər Ziya Məmmədov rəqiblərini də tam olaraq zərərsizləşdirə, prosesdən kənarda saxlaya biləcək. Çünki əslində Ziya Məmmədov hökumətin planını icra edir. Doğrudur, yeni gətirilən «London taksiləri»ndə onun mənfəəti yetərincədir, amma bu proses həm də hakim düşərgənin marağında olduğundan Ziya Məmmədovun rəqiblərini asanlıqla yerində oturda bilməsi daha çox inandırıcıdır». Bütün bunları redaksiyamıza bildirən qaynaq əlavə olaraq onu da qeyd etdi ki, Kəmaləddin Heydərov da geriyə çəkilmək niyyətində deyil: «Kəmaləddin Heydərov yaxşı bilir ki, Ziya Məmmədov məlum prosesin icrasının «ağrısız» həyata keçirilməsi yönündə öhdəlik göğtürüb. Təsəvvür edin, «Avroviziya» yarışmasının getdiyi anda taksi sürücüləri də davamlı olaraq NN-nin qarşısında aksiya keçirirlər. Bir yandan da ayrı-ayrılıqda dini və siyasi müxalifət də aksiyalar keçirir. Hər halda, dünyanın heç bir ölkəsinin hüquq-mühafizə orqanları belə bir təlatümlü günləri uğurla yola verə bilməz. Çünki «Avroviziya» yarışmasının özünün də təhlükəsizliyinin təminatı söz konusudur». Məhz bütün bunları nəzərə alan Kəmaləddin Heydərovun may ayında Ziya Məmmədova ciddi zərbə vuracağı söylənilir. Mənbəmiz bildirir ki, əgər NN şefi yenə də qərarından daşınsa və yaxud da problemi fərqli formada ertələyə bilsə, o zaman vəziyyətdən çıxa bilər: «Məsələn, müvəqqəti olaraq may ayında sovet taksilərinin yalnız paytaxtın mərkəzi hissəsində hərəkəti qadağan edilə bilər. Ən uğurlusu budur və əks halda Ziya Məmmədov təkcə özünün yox, bütünlükdə olaraq hakimiyyətin taleyini təhlükə altına atmış olacaq». Mövzu diqqətimizədir. Bizi izləyin… Geri qayıt |