Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ ŞEFİ POSTUNA YENİ KADR HAZIRLANIR

ARDNŞ ŞEFİ POSTUNA YENİ KADR HAZIRLANIR


16-02-2012, 12:38
ARDNŞ ŞEFİ POSTUNA YENİ KADR HAZIRLANIR

RAMİZ MEHDİYEV BAŞ NAZİRLİYİ ƏLDƏN VERSƏ DƏ, BU MƏSƏLƏDƏ İSRARLIDIR

DİA.AZ: - 2005-ci ilin parlament seçkilərindən sonra ulduzu parlayan və deputat mandatı ilə yanaşı, Dövlət Neft Şirkətinin prezidenti kürsüsünə sahiblənən Rövnəq Abdullayevin hazırda ölkənin ən iri oliqarxlarından biri olması kimsədə şübhə doğurmayan məsələdir. Elə bir müddət əvvəl yayılan xəbərlər də belə deməyə əsas yaratdı ki, ARDNŞ prezidenti əgər hansısa hakimiyyətiçi oyuna girərək, nazir postuna belə kadr hazırlayırsa, demək özünü kifayət qədər güclü hiss edir.

Amma bir zamanlar Rövnəq Abdullyevin adı o qədər populyar deyildi. Yalnız ara-sıra onu «çarmıxa çəkən» reket jurnalistikasının nümayəndələri üçün o zamanlar Bakı Neft Emalı Zavoduna rəhbərlik edən Rövnəq Abdullayev bir maraqlı fiqur təsiri bağışlayırdı. Günü bu gün də «Azərbaycan» nəşriyyatının dəhlizlərində məskən salmış sözügedən zümrənin təmsilçiləri «gül kimi kadr əlimizdən çıxdı» deyərək Rövnəq Abdullayevin əlçatmazlığından gileylənirlər.

İndi isə o, çox ciddi oliqarxlar cərgəsindədir. Hətta özünün komandasını da qurmağa müvəffəq olub. Son parlament seçkilərində isə Rövnəq Abdullayevin yüksələn xəttlə inkişaf yolu tutduğu məlum oldu. Özü ilə yanaşı təxminən, daha 4 nəfəri mandat sahibi edən ARDNŞ prezidentinin adı hətta dövrü mətbuatda baş nazir postuna ən şanslı namizədlərdən biri kimi də hallandırıldı. Təbii ki, bütün bu əlahiddəliyin arxasında dayanan gizli bir məqam olmalıdır.

Bununla bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Hökumət içindəki məlumatlı dairələrdən «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) çatdırılan xəbərlərdə də deyilir ki, Rövnəq Abdullayevin yüksəlişi səbəbsiz deyil: «Əslən Naxçıvandan olan Rövnəq Abdullayev bir şəxs olaraq heç kəs tərəfindən mənfiyə doğru hallandırıla bilməz. Onun «yuxarılarla» səmimi münasibətinin olması nəhayətdə Rövnəq Abdullayevin hazırki məqama çatması ilə nəticələnib. Və bu gün Rövnəq Abdullayev prezident komandasının aparıcı fiqurlarından biridir».

Doğrudur, bir müddət əvvəl Rövnəq Abdullayevin adı bəzi fırıldaq işlərdə də hallandı ki, sonradan bu məsələdə ARDNŞ şefinin özünün yox, yaxın çevrəsində qərar tutan şəxslərdən birinin - zamanında MTN-də çalışmış, 2005-ci ilin parlament seçkilərində Rövnəq Abdullayevin seçki qərargahına rəhbərlik etmiş, hazırda isə ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi postunu tutan Rəşad Əliyevin suçlu olduğu məlum oldu. Belə ki, Rəşad Əliyev Rövnəq Abdullayevin adı ilə bir neçə qəzet redaksiyası ilə əməkdaşlıq etsə də, sonradan bağlanmış müqavilə pozulur və qəzetlərə təxminən 20 min dollar həcmində borc yaranır. Günü bu gün də həmin borcu ödənmədiyi bildirilir.

Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə isə, Rövnəq Abdullayev bu gün iqtidar düşərgəsində yüksələn xətti tutan əsas fiqurlardan biridir və onun baş nazir təyin edilməsi yolu da tam olaraq açıqdır: «Doğrudur, bu yolda onunla çox ciddi fiqurlar, Kəmaləddin Heydərov, Ziya Məmmədov kimi nəhənglər çarpışmaqdadır. Amma favorit fiqur Rövnəq Abdullayevdir».

Bu dəyişikliyin nə zaman baş tutacağı bilinməsə də, mənbəmiz yalnız onu vurğuladı ki, Rövnəq Abdullayevin baş nazir təyin edilməsinə hətta Prezident administrasiyasının rəhbərliyi belə etiraz etmir: «Bu da sırf olaraq iqtidariçi maraqlarla bağlıdır. PA rəhbəri Ramiz Mehdyev baş nazir postunu əldən versə də (o, həmin posta başqa bir şəxsi hazırlayır - red.), amma ARDNŞ rəhbərliyinə yeni kadr hazırlayır və o düşünür ki, Rövnəq Abdullayevin yerinə öz adamını təyin etdirə biləcək».

Mənbəmiz bildirir ki, artıq bu yöndə ciddi iş də gedir: «Artıq bu yöndə müvafiq addımlar atılır, tədarük görülür. Hazırda Mehdiyevin adamı kimi tanınan həmin şəxs ARDNŞ strukturlarında o qədər də gözə dəyməyən bir vəzifəni tutur».

Mövzu diqqətimizdədir…


Geri qayıt