Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN ASFALTLARI ÇAT VERDİ

ZİYA MƏMMƏDOVUN ASFALTLARI ÇAT VERDİ


11-02-2012, 12:03
ZİYA MƏMMƏDOVUN ASFALTLARI ÇAT VERDİ

BAKI MERİYASININ ÇƏKDİYİ YOLLAR İSƏ SINAQDAN YAXŞI ÇIXIB

DİA.AZ: - Məlum olduğu kimi, bir müddət əvvəl ölkə paytaxtının yollarının asfaltlanması işi Nəqliyyat Nazirliyindən, konkret olaraq deputat Cavid Qurbanovun rəhbərlik etdiyi «Azəravtoyolservis»dən alınaraq Bakı şəhər icra hakimiyyətinə verildi. Və bir neçə aydır ki, Bakı şəhərində yolların asfaltlanması meriya tərəfindən həyata keçirilir.

Xatırladaq ki, əslində əvvəllər də yolların çəklişinə icra hakimiyyətləri nəzarət edirdi, sadəcə olaraq Ziya Məmmədovun qılıncının hər iki üzünün kəsdiyi dönəmdə NN şefi bu gəlirli sahəni nəzarəti altına ala bilmişdi. Bu yolla nazirin çox böyük pullara sahib olduğu da faktdır. Məsələn, bir yola 1 kilometrlik asfalt örtük üçün 1 milyon yarım manat pulun qarşılığında cəmi-cümlətanı 200 min manatın sərf edildiyi hər kəsə məlumdur. Yəni ayrılan pulun 1/7-i xərclənib, yerdə qalanvəsait isə hər zaman mənimsənilib.

Lakin sonradan Ziya Məmmədov belə bir gəlir ünvanını əldən verdi və haqlı olaraq bu «yenilik» bir yox ekspertlər tərəfindən Ziya Məmmədovun «vurulması» kimi təqdim olundu.

Amma deyəsən, bu dəfə hökumətimiz tam doğru qərar verib. Məlumdur ki, neçə müddətdir ölkə ərazisində havalar kəskin şəkildə şaxtalı keçir və paytaxt Bakı bir qış imtahanı dövrünü yaşamaqdadır. Əslində, bu imtahanı bütün hakimiyyət verməkdədir. Davamlı olaraq ölkənin iqtisadi artım tempinin təntənəli yüksəlişindən bəhs olunduğu və Bakıya milyonların xərcləndiyi iddia olunduğu bir məqamda həm pulların haqq-hesabını sanki Ana Təbiət çəkmiş olur.

Və artıq məlum oldu ki, nə Bakı qışa hazır deyilmiş, nə də Azərbaycan höuməti. Bu vaxta qədər bu kimi təbii formada meydana gələn ekstremal şəraitlərin önlənməsi üçün sərf olunan pullar isə havaya sovrulub. Ən azından 21-ci əsr Bakısının sakinlərinin bu bir neçə gündə yaşadıqları işıq, su və qaz problemi belə deməyə əsas yaradır.

Ən acınacaqlı durum isə yollardadır. «Dünya» İnformasiya Agentliyi redaksiyasının (diaaz.space) əməkdaşları da şahidlik ediblər ki, nəqliyyat nazirliyi tərəfindən çəkilmiş asfalt yollar qarlı-şaxtalı gündə tamamən sıradan çıxıb. Hətta mərkəzi küçələrin durumu belə bərbad haldadır. Yalnız son aylarda, yəni Bakı meriyası tərəfindən çəkilən yollar isə əvvəlki keyfiyyətini qoruyub ki, bu da hökumətin Ziya Məmmədovu qazancından etməsində haqlı olduğunu təsdiləyir. Hər halda, Hacıbala Abutalıbov etimadı doğrultmaq, bundan sonra da bu gəlirli sahəni əlində saxlamaq naminə NN şefi ilə müqayisədə ayrılan vəsaitin əhəmiyyətli hissəsini xərcləməkdədir…


Geri qayıt