Əsas Səhifə > Sosial, Manşet > «QAÇQINKOM»DA DƏHŞƏTLİ KORRUPSİYA

«QAÇQINKOM»DA DƏHŞƏTLİ KORRUPSİYA


29-09-2011, 13:08
«QAÇQINKOM»DA DƏHŞƏTLİ KORRUPSİYA

ƏLİ HƏSƏNOVUN TİKDİYİ BİNA NİYƏ ÇÖKDÜ?

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun başı qaldadır. Bildirmişdik ki, buna səbəb məcburi köçkünlər üçün inşası nəzərdə tutulan evlərin ərsəyə gəlməsində və bundan sonrakı prosesdə yol verilən yeyinti faktlarıdır.

Bu barədə redaksiyamıza daxil olan məlumatda vurğulanırdı ki, «Akkord» firmasının təqdim etdiyi hesabat rəqəmləri ilə Əli Həsənovun rəqəmləri arasındakı uyğunsuzluq son nəticədə ciddi korrupsiya faktını ortaya çıxarıb. Və bu səbəbdən artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müvafiq qaydada araşdırmalara başlanılıb.

Bu arada «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) «Qaçqınkom» şefini ifşa edən daha bir fakt ötürülüb. Ağcabədidəki rəsmi qaynaqlardan sızan informasiyaya görə, bu rayonun ərazisində, Hacıbab kanalının yaxınlığında məcburi köçkünlər üçün 9 ədəd beş mərtəbəli binanın inşası nəzərdə tutulsa da, həmin tikinti işləri yubanmaqdadır.

Bu barədə mənbənin söylədikləri: «Dəhşətli heç də burası deyil. Dəhşətli olanı odur ki, Əli Həsənovun nəzarətində olan bu inşaat işləri olduqca keyfiyyətsiz şəkildə həyata keçirilməkdədir».

Mənbə bildirir ki, həmin 9 binadan biri bu yaxınlarda hazır vəziyyətə gətirilsə də, sonradan bina çöküb: «Məlum olub ki, binaya ayrılan vəsaitin yalnız 30 faizi sərf olunub. Pulun 70 faizi isə «Qaçqınkom» rəhbərliyi tərəfindən mənimsənilib».

Mənbənin sözlərinə görə, bu cinayət əməlinin üstünün ört-basdır edilməsi üçün dərhal yeni tikilmiş, amma çökmüş bina uçurdulub və onun yerində yeni bünövrə atılıb: «Hər halda, bu hadisəni ölkə rəhbərliyinin gözündən gizlətmək olsa da, bütün Ağcabədi camaatı bu biabırçılığı gözləri ilə görüb».

Təbii ki, artıq barəsində araşdırmalar aparılan Əli Həsənovla bağlı bu faktın da diqqət mərkəzinə gətiriləcəyi şübhəsizdir. Bu barədə danışan Nazirlər Kabinetindəki qaynağımız iddia edir ki, Əli Həsənovla bağlı hətta bundan da dəhşətli faktlar var və bu faktların da işıq üzü görəcəyi istisna deyil.

Geri qayıt