Əsas Səhifə > Ölkə, Manşet > VASİF TALIBOVDAN ANTİKORRUPSİYA TÖHFƏSİ

VASİF TALIBOVDAN ANTİKORRUPSİYA TÖHFƏSİ


26-01-2012, 14:31
VASİF TALIBOVDAN ANTİKORRUPSİYA TÖHFƏSİ

NAXÇIVAN XANI YENƏ DƏ ÖZÜNƏMƏXSUS TƏRZİ İLƏ FƏRQLƏNMƏYİ BACARDI

DİA.AZ: - Naxçıvan “xan”ı Vasif Talıbov da “anti-korrupsiya” tədbirlərinə başlayıb. Bu barədə redaksiyamıza Naxçıvandakı qaynaqlardan məlumat daxil olub. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Vasif Talıbov bir neçə gün əvvəl rayon icra hakimiyyətlərində ciddi yoxlama aparılması əmrini verib. Naxçıvan və ətraf rayonların bütün iri məmurlarının əmlakları bir-bir araşdırılmağa başlanılıb.

“Dünya” İnformasiya Agentliyinə (diaaz.space) verilən xəbərdə qeyd olunur ki, Talıbovun qəzəbinə tuş gələn isə Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev olub. Talıbovun əmri ilə sözügedən İcra Hakimiyyətində ciddi maliyyə yoxlamalarına start verilib. Eyni zamanda Quliyevin sahib olduğu əmlakı da müsadirə olunub.

Bildirək ki, Nurəddin Quliyev icra başçısı olmaqla yanaşı, həm də iri sahibkardır. Onun rayonda saya gəlməyəcək qədər iri buynuzlu mal-qaraları var. Talıbovun əmri ilə Quliyevin heyvanlarının qaldığı bütün yataqlar darmadağın edilib. Heyvanlar isə damğalanaraq dövlətin balansına verilib. Aldığımız məlumata görə, Nurəddin Quliyevin icra başçısı postunda qalıb-qalmamaq məsələsi də müzakirə olunur.

Bundan başqa, Nurəddin Quliyevin qardaşı Hüsaməddin Quliyev Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin rəhbəri işləyir. Artıq Talıbovun əmri ilə həmin şöbədə də maliyyə yoxlamalarına başlanılıb. Bir müddət əvvəl aparılan yoxlamalar zamanı 330 min manat dəyərində yeyinti aşkarlanıb. Hüsaməddin Quliyev rayon polis şöbəsinə aparılıb. Orada iki gün saxlanıldıqdan sonra azad edilib.


Geri qayıt