Əsas Səhifə > Sosial, Manşet > MTN-LƏ PA AÇIQ DÖYÜŞDƏ ÜZ-ÜZƏ GƏLİRLƏR

MTN-LƏ PA AÇIQ DÖYÜŞDƏ ÜZ-ÜZƏ GƏLİRLƏR


24-01-2012, 15:19
MTN-LƏ PA AÇIQ DÖYÜŞDƏ ÜZ-ÜZƏ GƏLİRLƏR

BEYNƏLXALQ BANKIN RƏHBƏRLİYİ UĞRUNDA DAVA QIZIŞIR

DİA.AZ: - Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev düşdüyü durumdan qurtulmaq üçün ağlagəlməz addımlara əl atır. Aldığımız məlumata görə, C.Hacıyevin istefaya göndərilməsi xəbəri yayılan kimi, dövri mətbuatda və siyasi kluarlarda məqsədli şəkildə əks addımlar atılıb. Daha dəqiq desək, C.Hacıyevə yaxın dairələr ictimai dövriyyəyə məqsədli şəkildə belə bir dezinformasiya buraxıblar ki, əslində o, tutduğu postdan guya Paşayevlərlə münasibəti yaxşı olmadığı üçün kənarlaşdırılır.

C.Hacıyevin belə bir riskli addım atması inandırıcı olmasa da qeyd olunur ki, o, iki gün ərzində öz müdafiəsi üçün 100 min manata qədər pul sərf etdirib. Hətta bu gün Beynəlxalq Bankda yoxlamalar aparan və bankın fəaliyyətini nəzarətdə saxlayan Maliyyə naziri Samir Şərifovla əlaqə qura bilmədiyindən başqa addımlar atmaq qərarına da gəlib... Mənbənin sözlərinə görə, bir-iki günə hakimiyyətdaxili bu cür “razborka”lar müxalifətə ötürüləcək. Necə və hahsı məqsədlə?

Redaksiyamızın əldə etdiyi bilgilərdən aydın olur ki, Cahangir Hacıyevin durumu olduqca ağırdır və hətta onun görəvdən alınması ideyası belə mövcuddur. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatlandıran hakimiyyət içindəki mənbə bildirir ki, əslində Cahangir Hacıyev çoxdan «vurulmalı» idi: «Məlumdur ki, bir ara mətbuatda ona qarşı ciddi kampaniya başladı. Lakin sonradan məsələlər səngidi. İndi problem yenidən qaldırılıb».

Mənbəmiz bildirir ki, yeni qaydalara «ayaq uydurmağa çalışan» bank müdiri onun əleyhinə olan kampaniyada iştirak edən bir sıra qəzetləri susdurub:

«Söhbət çox ciddi summalardan gedir. Cahangir Hacıyev külli miqdarda pul hesabına qəzetlərdə aparılan antitəbliğat kampaniyasını dayandırmağa müvəffəq olub. Amma vəziyyəti yenidən gərginləşib. Çünki rəqibləri ona qarşı yenidən hərəkətə keçiblər və hətta bu dəfə nəticə əldə edəcəklərinə ümidlidirlər».

Onu da bildirək ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri postuna Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadr hazırlaması barədə məlumatlar yayılıb: «Onu hədəfə alan PA-dır. Lakin nədənsə ya Cahangir Hacıyevi ələ verməyə çalışan özünə yaxın çevrələr və yaxud da əks cinah tərəfindən belə bir şaiyə yayılır ki, bank müdirini Paşayevlər «vurur». Amma realda bu məlumatın həqiqət payı yoxdur».

Mənbəmiz onu da bildirdi ki, Cahangir Hacıyev hələ Hacı Məmmədovla bağlı qalmaqal zamanı Milli Təhlükəsizlik Nazirliyinin kontrolu altına keçib: «Onun bu gün MTN-dən yönləndirildiyi bildirilir. Həmin «Qara Kəmər» əməliyyatı zamanı çox ciddi çevrələr MTN-nin kontrolu altına keçdi ki, onlardan biri də Cahangir Hacıyevdir. Bu şərait isə PA-nın şefi Ramiz Mehdiyevi qane etmir. Ona görə də PA-da Beynəlxalq Bankın rəhbərliyi ilə bağlı planlar çox ciddidir».

Mövzu diqqətimizdədir…


Geri qayıt