Əsas Səhifə > Sosial, Manşet > NƏŞRİYYAT UĞRUNDA DAVA BAŞLADI

NƏŞRİYYAT UĞRUNDA DAVA BAŞLADI


21-01-2012, 12:57
NƏŞRİYYAT UĞRUNDA DAVA BAŞLADI

TƏMİRƏ AYRILACAQ PUL İNDİDƏN MƏMURLARI ÜZ-ÜZƏ QOYUB

DİA.AZ: - Məlum olduğu kimi, onlarla qəzet redaksiyasının və başqa iş yerlərinin yerləşdiyi «Azərbaycan» Dövlət Nəşriyyatının köklü surətdə təmiri planlaşdırılır. Artıq bu barədə qəzet redaksiyaları da məlumatlandırılıb.

Doğrudur, hər şey ilkin məlumatda yayıldığı kimi deyil. Yəni nəşriyyat bir dəfəyə yox, tədricən - mərtəbə-mərtəbə təmir ediləcək ki, bu da qəzetlərin hamısının binanı birdəfəlik tərk etməyəcəyi deməkdir.

Bu arada yayılan məlumatlarda o da bildirildi ki, «Azərbaycan» nəşriyyatının binası təmirdən öncə satışa çıxarılaraq özəlləşdiriləcək. Amma bu xəbərlər də təsdiqini tapmadı.

Bu barədə nəşriyyatdakı qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürülən xəbərdə bildirilir ki, nəşriyyatın binasına tamah salan məmurlar çox olsa da, prezident binanın özəlləşdirilməsinə qarşı olduğundan kimsə belə bir addımı atmağa cürət etməyib.

Mənbənin söylədikləri: «Amma buna baxmayaraq, məmurların nəşriyyat uğrunda yeni mübarizəsi başlayıb. Söhbət binanın kimə yaxın olan şirkət tərəfindən təmir etdiriləcəyindən gedir».

Mənbəmiz bildirir ki, binanın ümumi təmiri və fasadının abadlaşdırılması üçün toplu olaraq 10 milyon manatın ayrılması planlaşdırılır: «Bu isə yeyinti üçün ciddi məbləğdir. Hər halda bir bina üçün bu qədər vəsait çox hesab oluna bilər. Ona görə də indidən bu pulun uğrunda dava başlayıb».

Mövzu diqqətimizdədir…


Geri qayıt