Əsas Səhifə > Gündəm, Manşet > «AVROVİZİYA» ÖNCƏSİ SİYASİ ŞOU HAZIRLANIR
«AVROVİZİYA» ÖNCƏSİ SİYASİ ŞOU HAZIRLANIR16-01-2012, 12:53 |
HAKİMİYYƏT BÜTÜN SİYASİ MƏHBUSLARI, KEÇMİŞ NAZİRLƏRİ DƏ AZAD EDƏCƏK DİA.AZ: - Məlum olduğu kimi, 26 yanvar 2012-cı il tarixdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində keçiriləcək İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin iclasının gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də əlavə olunub. Bu təşəbbüslə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi K.Ştrasser şəxsən çıxış edib və onun təşəbbüsü komitənin rəhbərliyi tərəfindən təsdiq edilib. Komitənin iclasında məruzə ilə çıxış etmək üçün Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev dəvət edilib. Komitə həm də Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu da məruzəçi qismində iclasa dəvət edib. Bununla bağlı «Dünya» İnformasya Agentliyi (diaaz.space) redaksiyasına diplomatik qaynaqlardan ötürülən məlumatda bildirilir ki, rəsmi Bakı bu müzakirələrin baş tutmamasına çalışır və artıq bu məqsədlə çox ciddi danışıqlar başlayıb. Mənbəmiz bildirir ki, amma buna baxmayaraq Avropada fərqli düşünürlər: «Rəsmi Bakı son əfv fərmanındakı davranışları ilə əslində siyasi məhbus müstəvisində Qərbə meydan oxumuş kimi göründü. Amma artıq Avropada YAP iqtidarının şıltaqlıqlarına əvvəlki kimi səbr nümayiş olunmur». Əldə etdiyimiz məlumatlarda deyilir ki, YAP iqtidarı 31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı imzalanmış əfv fərmanına izahat da verib: «Bildirilir ki, Azərbaycan hakimiyyəti 10 May tarixində amnistiya elan edəcək və bununla da ölkə məhbəslərindəki bütün siyasi məhbuslara azadlıq veriləcək. Buna görə də müzakirələrin durdurulmasına ehtiyac var». Mənbəmiz bildirir ki, hətta 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunmuş keçmiş nazirlər - Əli İnsanovla Fərhad Əliyevin də azad olunması məsələsi gündəmdədir: «Hakimiyyət «Avroviziya-2012» mahnı yarışması zamanı Bakıya gələn turistlərin gözü qarşısında böyük bir siyasi şou hazırlayır. Hər halda, amnistiya tədarüü belə deməyə əsas yardır. Yəni Azərbaycana gələn avropalılar rəsmi Bakının humanizmini görmüş olacaqlar». Mənbəmiz hələlik 26 yanvar tarixinə nəzərdə tutulan müzakirələrlə bağlı yekun qərarın verilmədiyini də bildirdi: «Ola bilsin ki, müzakirələr olsun, amma bir balaca ötəri formada. Bu YAP iqtidarının əldə edəcəyi anlaşmada asılıdır». Mövzu diqqətimizdədir. Geri qayıt |