Əsas Səhifə > Cəmiyyət, Manşet > ELDAR ƏZİZOV «PREZİDENT PULU» YIĞIR

ELDAR ƏZİZOV «PREZİDENT PULU» YIĞIR


2-12-2011, 15:37
ELDAR ƏZİZOV «PREZİDENT PULU» YIĞIR

«İCRA BAŞÇISININ İMKANI OLSA, HAMIMIZI ƏZİB-KEÇƏR»

DİA.AZ: - Eldar Əzizovun gəlişindən sonra Sumqayıtda yerli sahibkarların durumunun acınacaqlı həddə çatması barədə mətbuatda dəfələrlə məlumatlar verilsə də, nədənsə icra başçısı açıqlanan faktlara izahat verməkdənsə, bu məlumatların mənşəyi ilə maraqlanır. Artıq neçənci dəfədir ki, redaksiyamıza «Eldar Əzizov filan yazının qaynağını axtarır» səpgili ismarıclar daxil olur.

Elə son olaraq başqa bir redaksiyanın rəhbərliyinin EldarƏzizovun adamları tərəfindən hədələnməsi barədə də məlumatlar almışıq.

Bu barədə «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) informasiya ötürən Sumqayıt sahibkarlarından birinin sözlərinə görə, Eldar Əzizov mətbuatla işlərini ona görə qaydasına salmağa çalışır ki, iş adamlarına əməlli-başlı divan tuta bilsin: «İnanın ki, əgər mətbuat olmasaydı, bu gün Eldar Əzizov bütün Sumqayıtı diz çökdürərdi. Camaat əvvəlki icra başçısından - Vaqif Əliyevdən də narazı idi. Amma Eldar Əzizov Vaqif Əliyevə şükür oxutdurmaqla yanaşı, insanlarda onun dövrünə nostalji hissi də yaradır».

Mənbəmiz bildirir ki, bu günlərdə icra hakimiyyətinin nümayəndələri şəhərdəki obyektlərə düşərək yenidən pul yığmağa başlayıblar: «Bu dəfə bəhanələri prezident İlham Əliyevin doğum gününə hazırlaşmaqdır. Biz başa düşə bilmirik, icra başçısı nədən prezidentə ad günü keçirir? Bir də, niyə bu ad gününü bizim hesabımıza edir?».

Mənbə bildirir ki, Eldar Əzizov hər bir sahibkardan 3 min manat pul tələb edir: «Sumqayıtda minə yaxın iri obyekt, idarə var. Bu qurumların da hər birindən 3 min manat pul yığanda təxminən 3 milyon pul edir. İndi özünüz təsəvvür edin, Eldar Əzizov 3 milyon pulla prezidentə ad günü keçirmək istəyir, yoxsa özünə pul yığır. Hər halda, prezidentin şəninə təşkil olunacaq tədbirə 100 mindən artıq pul xərcləməz».

Daha sonra sahibkar bildirdi ki, onlar prezidentə kifayət qədər hörmət edirlər: «Prezidentə canımız qurban. Amma yəqin ki, İlham Əliyev də razı olmaz ki, onun adından kimlərsə sui-istifadə edib, özünə sərvət toplasın. Hələ prezidentə də minnət qoysun ki, ona ad günü keçirib».

Onu da qeyd edək ki, Eldar Əzizov Gəncədə də icra başçısı olarkən prezidentə ad günü təşkil etməkdə ad çıxarmışdı. Çox güman ki, həmin tədbirlərin də pullarını gəncəli sahibkarlar ödəmək zorunda qalıb. Necə ki, Sumqayıt törənlərinin bədəli sumqayıtlı iş adamlarına ödətdirilir.

Nəsimi


Geri qayıt