Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOVUN “SEZONU” BAŞLADI

MİSİR MƏRDANOVUN “SEZONU” BAŞLADI


22-09-2011, 14:36
MİSİR MƏRDANOVUN “SEZONU” BAŞLADI

NAZİR GETHAGETDƏ DƏ PUL QAZANIR

DİA.AZ: - Ölkənin ən çox tənqid olunan nazirlərindən biri və bəlkə də birincisi təhsil naziri Misir Mərdanovdur. Bu isə səbəbsiz deyil, yarıtmaz fəaliyyəti ilə Azərbaycan təhsilini iflic vəziyyətə salan M.Mərdanov haqqında yazılanlara reaksiya verməməklə ictimai rəylə hesablaşmadığını və faktların həqiqiliyini qəbul etdiyini sərgiləmiş olur. Halbuki bir nazir haqqında ölkə mətbuatında az qala hər gün tükürpədici faktlar dərc olunursa, həmin nazir istefaya getməlidir.

M.Mərdanov isə nəinki istefaya getmək haqqında düşünmür əksinə, yeni qazanc mənbələrinin tapılması yönündə böyük »nailiyyətlər» əldə edir. “Dünya” İnformasiya Agentliyinin (diaaz.space) apardığı araşdırmalar nəticəsində bəlli olub ki, orta məktəblərdə şagirdlərə məcburi qaydada satılan qəzet və jurnallardan böyük qazanc əldə olunur. Bu haqda bir qədər sonra, hələliksə nazirliyin »iş dəftəri» adı altında qazandığı milyonlardan söz açaq.

Məlumat üçün bildirək ki, M.Mərdanovun məktəblərdə ilk qanunsuz addımı adına »iş dəftəri» deyilən qondarma vəsaitlərin satışı oldu. Rəsmiyyətdə şagirdlərin kitablar və dərs vəsaitləri ilə təminatı işinin Təhsil Nazirliyi tərəfindən pulsuz aparıldığı qeyd olunur. Həqiqətən də kitablar şagirdlərə pulsuz paylanır. Amma bu maddi »itkini» kompensasiya etmək üçün nazirlik başbilənləri çox usta bir gediş edərək əlavə vəsaitlərin, o cümlədən »iş dəftərlərinin» satışını təmin edib. Hər bir sinifin hər bir fənni üçün ayrıca »iş dəftəri» dərc edərək şagirdlərə məcburi qaydada satdıran nazirlik bu yolla milyonlarla vəsaiti mənimsəmiş olur. Sözügedən »iş dəftərləri»nin müxtəlif nəşriyyatlarda çap olunmasına baxmayaraq, ən azından qoyun olmaq lazımdır ki, prosesin vahid mərkəzdən idarə olunmasına inanmayasan. İndisə hesablayın, təhsil başbilənlərinin qazanclarını. Ən ucuz iş dəftərinin 3.50 AZN olduğunu, bu iş dəftərinin alınmasının məcburiyyət qoyulduğunu və şagirdlərin sayını vur-tut etsək, başgicəlləndirici rəqəm ortaya çıxar.

Amma görünür bu rəqəm nazirin günbəgün artan xərclərini qarşılamaq gücündə deyil, ona görə də prosesə »köməkçi vasitələri» qoşublar. Həmin »köməkçi vasitələr» isə məktəblərdə şagirdlərə zorla satılan qəzet və jurnallardır. Əldə etdiyimiz dəqiq informasiyaya görə, hazırda məktəblərdə 4 adda qəzet və 3 adda jurnal satdırılır ki, bu işin başında da nazirə yaxın şəxslər dayanıb. Maya dəyəri cəmi 6-7 qəpik olan 8 səhifəlik qəzetləri (belə qəzetlərin tirajı ən azı 20 min olur-red) 40 qəpiyə satdıran nazirin bir qəzetdən və bir gündə əldə etdiyi qazanc 8 min ABŞ dolları edir. (Çap qiymətlərini dəqiq bildiyimizdən rəqəmin səhihliyinə şübhə etməyə bilərsiniz)

Juranllarla bağlı qazanc isə daha böyükdür. Maya dəyəri vur-tut 80 qəpikdən baha olmayan və məktəblərdə satdırılan 2 manatlıq jurnallardan isə təxminən 10 min ABŞ dollarından çox vəsait qazanılır. Hazırda orta məktəblərdə zorla satdırılan belə jurnallardan biri də »Sevimli» jurnalıdır. Araşdırmalar zamanı bəlli oldu ki, adıçəkilən jurnal nazirin yaxın adamlarından birinə məxsusdur və jurnalın məktəblərdə məcburi qaydada satdırılması haqda məktəb direktorlarına qeyri-rəsmi göstəriş var.

Göründüyü kimi, gələcəyimiz olan təhsili rüşvət və korupsiya bataqlığana çevirənlərin nəinki gözü doymur, əksinə daha çox qazanmaq yönündə yeni-yeni »ixtiralar»a əl atırlar.

Geri qayıt