Əsas Səhifə > Partiya, Manşet > AYAZ MÜTƏLLİBOV SABİR HACIYEVLƏ BARIŞDI

AYAZ MÜTƏLLİBOV SABİR HACIYEVLƏ BARIŞDI


17-09-2011, 17:09
AYAZ MÜTƏLLİBOV SABİR HACIYEVLƏ BARIŞDI

EKS-PREZİDENTİN HÜZNÜ DÜŞMƏNÇİLİYİ ARADAN QALDIRDI

18 sentyabr tarixində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Bakını tərk edəcək. Bu barədə verilən məlumatlarda da bildirilir ki, ilk prezidentin vətənə dönə bilməsi üçün Milli Məclisin payız sessiyasında eks-prezidentlərlə bağlı qanun layihəsinin qəbuluna ehtiyac var. Yəni Mütəllibov yalnız bu hadisədən sonra Bakıya birdəfəlik dönə bilər.

Hələliksə o, yenidən Moskva yolundadır. Oğlunun 40 mərasimini yola verən keçmiş prezidentə qəmli günündə bir çoxlarının dəstək olduğu söylənilir. Elə hakimiyyət dairələri də onunla bağlı insani davrandılar. Hətta mərhum Azad Mütəllibovun 40 mərasimində ayrı-ayrı dövlət adamlarının da iştirak etməsi faktdır.

«Dünya» İnformasiya Agentliyinə (diaaz.space) daxil olan məlumatlarda isə bildirilir ki, Ayaz Mütəllibovun oğlunun yas mərasiminə qatılanlar arasında bir zamanlar onunla silahdaş olmuş, eyni partiyada təmsil olunmuş Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev də olub.

Xatırladaq ki, Mütəllibovla Sabir Hacıyevin münasibətləri dünənə qədər gərgin idi və hətta keçmiş prezidentin yaxınları belə hesab edirdilər ki, onun dönüşünə əngəl yaradanlardan biri də elə VBP sədridir.

Məlumatlı mənbə bildirir ki, Ayaz Mütəllibovla Sabir Hacıyev əl tutaraq görüşüblər və VBP sədri mərhumun ailəsinə başsağlığı verib. Yəni hüznlü gün iki ədavətli fiquru yenidən barışdırıb.

Geri qayıt