Əsas Səhifə > Güney Press > "AZƏRSUN-HOLDINQ" VƏ "BALTIKA-BAKI" MMC-YƏ QARŞI AĞIR İTTİHAMLAR
"AZƏRSUN-HOLDINQ" VƏ "BALTIKA-BAKI" MMC-YƏ QARŞI AĞIR İTTİHAMLAR1-11-2012, 12:54 |
![]() Yevlax rayonunda fəaliyyət göstərən sahibkar Fərzəliyev Cəlil Səfər oğlu üzləşdiyi problemlərlə əlaqədar şikayət məktubu göndərib. Məktubda ölkənin böyük şirkətlərindən olan“Azərsun Holdinq” və “Xırdalan pivə zavodu” kimi tanınan “Baltika-Bakı” MMC-yə və Yevlax rayonundakı 7 saylı ərazi vergilər idarəsinə qarşı ciddi ittihamlar irəli sürülüb. C.Fərzəliyevin sözlərinə görə, “Azərsun Holdinq”-in Yevlaxda yerləşən nümayəndəliyi heç bir sənəd, müqavilə imzalamadan və qəbz təqdim etmədən sahibkara mal satır və heç bir güzəşt etmir: “Azərsun-Holdinq”-in Yevlaxda yerləşən satış bazası mənim bir ildə satdığım malı bir gündə satır. Bu şirkətin hələ indiyədək satdığı mala sənəd verdiyini görən olmayıb. İldə bir dəfə ilin axırında yalandan sənəd yazıb biz müştərilərə imzaladıb guya mühasibat uçotu tərtib edirlər. Mənim kimisinə heç bu sənədi də göstərmirlər. İki il bundan qabaq al-verə başlayandan “Azərsun”un Yevlaxda yerləşən bazası mənə mal verməkdən imtina elədi. Yəni ki, verdiyi malda 1 qəpik belə güzəşt eləmədi. Amma əslinə onlar bazadan böyük məbləğdə mal götürənlərə 4 faiz güzəş etməlidirlər. İş o yer çatıb ki, böyük bir bazanı kiçik bir mağaza kimi işlədirlər. 1 qutu yağı da gedib bazadan almaq olar. Nəticədə sahibkarlar əziyyət çəkirlər”. C.Fərzəliyev “Azərsun-Holdinq”-in Yevlax nümayəndəliyinin ona yaratdığı problemlərə görə bir müddət çətinliklə də olsa Bərdə rayonundakı satış bazasından məhsul alan digər sahibkarla işləməyə başlayıb. Lakin holdinqin əməkdaşları buna da problem yaradıblar: “ Azərsun Holdinq”in Yevlaxdakı kimi başqa bir bazası da Bərdədə yerləşir. Təsəvvür edin ki, mən həmin bazanın mal satdığı mənim kimi bir vətəndaşdan onların malını alıb satmağa başladım. Yevlax nümayəndələri məni təqib etməyə başladılar ki, sənin ixtiyarın yoxdur ki, “Azərsun”un mallarını başqa yerdən alıb satasan. Təsəvvür edin, mən Bərdədən malı alıb gətirəndə altdan “Azərsun”un mallarını yığıb, üstündən də başqa malları yığıb gətirirdim. Axırda “Azərsun”un qoçuları yolda maşını saxlayıb mallarını boşaltmışdılar. Mən bundan sonra məcburiyyət qarşısında qalaraq şikayət etdim”. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamentinə şikayət edən sahibkar müvəqqəti də olsa problemini həll edib: “Sağ olsunlar, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamentinin yardımıyla məsələ müvəqqəti olaraq həllini tapdı. Belə ki, “Azərsun Holdinq”in əməkdaşları mənə dedilər ki, ərizəni ger götür bundan sonra sənə heç bir maneə törədilməyəcək. Pulunu verib malını alacaqsan, sənə dörd faiz güzəşt ediləcək. Mən də ərizəni geri götürdüm. Adını “holdinq” qoyan o boyda şirkətin başıpapaqlılarının verdiyi söz cəmi üç ay qüvvədə qaldı. Bundan sonra yenə başladılar ki, bizim şirkətin siyasəti belədir... Görəsən onlar Azərbaycana işləməyə gəliblər, yoxsa hansısa siyasətlə məşğul olmağa? Görəsən bunlara bu səlahiyyəti kim verib?” C.Fərzəliyevin sözlərinə görə, Vergilər İdarəsinin işçilərinə şikayət etdikdə ona “Niyə indi dillənirsən?” cavabı verilir: “Vergilər Nazirliyinin 7 saylı Ərazi Vergilər İdarəsinin işçilərinə deyirəm ki, 1 manatlıq “sim-sim” danışıq kartının kassaya vurulmamasının (hansı ki, bunu kassaya vurmaq mümkün deyil, çünki onun vergisi qədər bizə pul qalmır) cəriməsi 400 manatdır. “Azərsun” şirkəti heç bir sənəd təqdim etmədən milyonlarla manatlıq mal satır, niyə dillənmirsiz? Mənə cavabları bu olur ki, indiyə kimi niyə dillənmirdin, indi dillənirsən? Mən də onlara bəyan etdim ki, siz vəzifənizi bu cür yerinə yetirirsiniz deyə, kimliyi və haradan gəldiyi bəlli olmayan kəslər başımıza çıxıblar. Odur ki, onlara “dur” deməyin vaxtı çatıb”. C.Fərzəliyevin sözlərinə görə, “Xırdalan pivə zavodu” kimi tanınan “Baltika-Bakı” MMC də ona zərər vurub: “Hər il havalar soyuyanda Xırdalan” pivə zavodundan gəlib deyirlər ki, sizə 3,4 və ya 5 faiz güzəşt edəcəyik, bizim malları satın. Elə ki, aprel ayı gəldi, heç kimə bir qəpik güzəşt etmirlər. Özləri kənd, şəhər qoymurlar qalsın, küçə-küçə düşüb mallarını özləri satırlar. Bu il mart ayının axırında zavodun nümayəndələri dedilər ki, son məqamdır, istəyirsənsə güzəştlə mal verə bilərik. Mən də fikirləşdim ki, bir azdan havalar qızır, götürüm, yavaş-yavaş sataram. Əlbəttə ki Azərbaycanda fəaliyyət göstərən bütün böyük şirkətlər kimi bunlar da malı gətirib boşaltdılar və heç bir sənəd filan təqdim etmədən pullarını alıb getdilər. Üstündən on gün keçəndən sonra pivəni satmaq istəyəndə baxdım ki, pivənin istifadə müddəti bitib. Zavodun nümayəndəsinin mənə cavabı bu oldu ki, malı alanda gərək baxaydın. Mən haradan biləydim ki, bunlar məni aldadacaqlar? Məşədi İbadın sözü olmasın, bunlara Azərbaycanda işləməyə icazə verəndə baxmadılar ki, bunlar ciddi iş adamlarıdır, yoxsa yol kəsəndilər və ya tində dayanıb təsbeh fırladandılar?” Sahibkar “Baltika-Bakı” MMC-nin məhsulundan imtina etsə də şirkətin nümayəndəsi mağazaya gələrək ondan çek tələb edib: “Oktyabrın 25-də “Xırdalan” pivə zavodunun nümayəndəsi mağazaya gəlib məndən kassa çeki istədi. Mən soruşdum ki, nəyə görə çeki istəyirsən? Dedi ki, bütün mağazaları uçota alırıq. Cavab verdim ki, mən sizin zavodun məhsullarını aprel ayından bəri nə almıram, nə də satmıram və satmaq da fikrim yoxdu. Mənə cavabı bu oldu ki, bizim məhsulları alıb-satmaya bilərsən, amma yenə də mağaza bizə məxsusdur. Görəsən mənim mağazama məndən icazəsiz, mənim xəbərim olmadan onlara kim satıb?” ![]() C. Fərzəliyev məktubunda qeyd edib ki, “Azərsun Holdinq”in B.Məmmədov adlı nümayəndəsi rayonda yerləşən topdansatış mağazalarına məhsulları istədikləri qiymətə satmağı məsləhət görüb: “O, Yevlaxda yerləşən topdan satış mağazalarına girərək bildirib ki, artıq Cəlili bizim məhsullardan məhrum eləmişik. Bundan sonra məhsulları istədiyiniz baha qiymətə sata bilərsiniz. Əslində isə mə özüm onlarla işləmkdən imtina etmişəm. Sahibkar xahiş edir ki, əlaqədar qurumlar “Azərsun-Holdinq”in Yevlaxdakı satış bazasının, eləcə də “Xırdalan Pivə Zavodu”nun əməkdaşlarının rayondakı fəaliyyətinə diqqət ayırıb lazımı araşdırmalar aparsınlar. Sahibkar iddia edir ki, əgər ciddi araşdırma aparılarsa o zaman ortaya külli miqdarda vergidən yayınma halları çıxacaq. Məsələ ilə bağlı “Azərsun-Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsilə əlaqə yaratmağa çalışsaq da zəngimizə cavab verən operator xanım suallarımıza cavab verəcək şəxslərin işdə olmadığını bildirdi. “Baltika-Bakı” MMC-dən isə zənglərimizə cavab verən olmadı. Bütün hallarda qarşı tərəfin mövqeyinə yer ayırmağa hazırırıq. \ Teleqraf.az \ Geri qayıt |