Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Alınmış sahə başqa şəxsin adına rəsmiləşdirilib

Alınmış sahə başqa şəxsin adına rəsmiləşdirilib


Bu gün, 12:58

Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Vüsal Başaratovun iddiasına görə, bacısı Gülnar Başaratovaya məxsus torpaq sahəsi başqa şəxsə sənədləşdirilib.
Onun Qaynarinfo-ya bildirdiyinə görə, Gülnar Başaratova 2018-ci ildə Xaçmaz Rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında 4 sot torpaq sahəsi alıb. 2022-ci ildə həmin sahə üzrə onun adına çıxarış və texniki pasport verilib.
Başaratovun sözlərinə görə, çıxarış üçün müraciət zamanı ərazidə elektron xəritələrdə sürüşmə qeydə alınıb: "Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Kərim bəyin iştirakı ilə torpağa baxış keçirildi, faktiki koordinatlar müəyyən olundu və xəritədə düzəliş ediləcəyi bildirildi. Lakin bu günədək həmin dəyişikliklər elektron bazada əksini tapmayıb”.
Vətəndaşın sözlərinə əsasən, 2025-ci ildə məlum olub ki, torpaq sahəsi başqa bir şəxsin adına rəsmiləşdirilib: "Gülnar Başaratovaya məxsus torpaq sahəsi Nuruyeva Könül Nurəddin qızının, həmin ərazidə tikilmiş ev isə Museyibov Müslim Tofiq oğlunun adına keçib.
Əldə etdiyim məlumata əsasən, Könül Nuruyeva təxminən iki il əvvəl həmin sahəyə çıxarış almaq istədikdə, əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən imtina verilib. Sonradan isə həmin sahəyə çıxarış almağa nail olub.
Bələdiyyə mülkiyyəti yenicə özəlləşdirildiyinə görə, Könül Nuruyeva 5 il ərzində torpaq sahəsini nə sata, nə də bağışlaya bilərdi. Buna baxmayaraq, o, torpaq sahəsini qanunsuz olaraq Museyibov Müslim Tofiq oğluna satıb. Hazırda torpaq sahəsi Könül Nuruyevanın, üzərindəki ev isə Museyibov Müslim Tofiq oğlunun adına rəsmiləşdirilib. Halbuki, Azərbaycan qanunvericiliyinə görə, torpaq və onun üzərindəki tikili fərqli şəxslərin adına ola bilməz.
Massivdə sürüşmə qeydə alındıqda, dəyişikliklərin aparılması üçün müvafiq akt yerli bələdiyyə və icra nümayəndələrinin, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının və çəpər qonşularının iştirakı ilə tərtib olunmalıdır. Lakin akt hazırlanarkən çəpər qonşusu olan Gülnar Başaratovanın iştirakı təmin edilməyib”.
Vüsal Başaratov iddiaları ilə bağlı sənədləri redaksiyamıza təqdim edib. O, məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etdiyini də bildirib.

Geri qayıt