Əsas Səhifə > Manşet / Cəmiyyət > Şərurda qalmaqal: Məktəb direktoru ondan narazı olan müəllimlərə qarşı...

Şərurda qalmaqal: Məktəb direktoru ondan narazı olan müəllimlərə qarşı...


Bu gün, 10:37

Şərur rayonunun Muğancıq Mehrab kənd məktəbinə yenidən direktor təyin olunan Sinduz Cəfərova bütün müəllim kollektivini polisə şikayət edib. Səbəb isə müəllimlərin onu kütləvi şəkildə boykot etməsi və narazılığı mətbuatda ictimailəşdirmələridir.
Sinduz Cəfərova iki il əvvəl eyni məktəbdə direktor işləyərkən rüşvət və korrupsiya ittihamları ilə işdən çıxarılmışdı. Buna baxmayaraq, Təhsil Nazirliyi müəllimlərin etirazına məhəl qoymadan 24 noyabrda onu yenidən vəzifəyə qaytarıb.
Təyinatdan sonra müəllimlər və valideynlər “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət edərək dərsləri boykot edəcəklərini açıqlayıblar. Müəllimlərin sözlərinə görə, bu çağırışdan dərhal sonra direktor polisə şikayət edib və bunun əsasında polis onları dindirməyə başlayıb:
“Biz öz müraciətimizdə heç kimi təhqir etmədən narazılığımızı ictimaiyyətə çatdırmışıq. İndi bu müraciəti təşkil edənləri tapmaq üçün bizi sorğu-suala çəkirlər. Telefonlarımızı tələb edirlər ki, yazışmaları yoxlasınlar. Bunlar hamısı qanunsuzluqdur, bizim gözümüzü qorxutmaq üçündür. Biz sadəcə azad fikrimizi bildirmişik. Buna görə polisin bizi dindirməsi söz azadlığına ziddir və qanunlara uyğun deyil.”
Müəllimlər bildirirlər ki, onlara qarşı təzyiq tək polislə bitməyib. Müraciət ictimailəşdikdən sonra həm yerli nazirlik, həm də rayon Təhsil Şöbəsi tərəfindən təzyiq daha da artıb:
“Bizi maddə ilə işdən çıxarmaqla, şiddətli töhmət verməklə hədələyirlər. Bu təzyiqlər şəxsən narizin göstərişidir. Biz Sinduz Cəfərova ilə işləmişik, onu yaxşı tanıyırıq. Biz rüşvətxor, müəllim, şagird və valideynləri hər addımda aşağılayan və təhqir edən şəxsin yenidən bizə rəhbərlik etməsini istəmirik.”
Müəllimlər Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək, etirazlarının nəzərə alınmasını tələb edirlər.

Geri qayıt