Əsas Səhifə > Manşet / Hadisə > "Bu, həm dövlət, həm də şagird qarşısında məsuliyyətsizlikdir"
"Bu, həm dövlət, həm də şagird qarşısında məsuliyyətsizlikdir"Bu gün, 10:47 |
|
Birinci rübün başa çatmaq üzrə olmasına baxmayaraq, Naxçıvan məktəblərində tədris hələ də jurnalsız aparılır. Jurnallar indiyə kimi paylanmadığından müəllimlər qeydlərini kağız vərəqlərdə aparır. Müəllimlər “Gündəlik Naxçıvan”a deyirlər ki, bu yalnız qarışıqlıq yaratmır, həm də saxtakarlığa geniş meydan açır.
Onlar bildirirlər ki, jurnalların gecikdirilməsi hər il baş versə də, bu ilki kimi uzun çəkməyib. Müəllimlərdən L. Kərimova deyir ki, jurnal istəyəndə onlara müxtəlif bəhanələr gətirirlər:
“Ötən il də gecikmə olmuşdu, amma heç olmasa oktyabrda vermişdilər. Bu il noyabrın axırlarındayıq, jurnallar hələ də yoxdur. Hər məktəb ayrı-ayrı bəhanə deyir. Biri deyir tender gecikir, biri deyir çap mətbəəsində problem var, biri deyir qiymət məsələsində mətbəə ilə razılaşa bilmirlər.
Balaca vərəqlər veriblər, deyirlər ki, qeydiyyatı oraya aparın. Sonra da jurnal gələcək, köçürməyə günlərlə vaxt sərf edəcəyik. Bu qədər məhsuliyyətsizlik olmaz. Bu həm də saxtalaşdırmalar etməyə zəmin yaradır.”
Digər müəllim B. Quliyev isə, problemi büdcə yeyintisi ilə əlaqələndirir:
“Jurnalların paylanmasının gecikməsi maliyyə məsələlərinə, büdcə ayrılmalarının vaxtında icra olunmamasına bağlanır. Unudurlar ki, rəsmi jurnal məktəbin hüquqi sənədidir. O yoxdursa, qiymətlər, davamiyyət və nəticələr hüquqi qüvvəyə malik deyil. Bu, həm dövlət, həm də şagird qarşısında məsuliyyətsizlikdir.”
Müəllimlər və valideynlər Naxçıvan yerli Təhsil Nazirliyindən gecikmə ilə bağlı açıqlama verilməsini və jurnalların tezliklə paylanmasını tələb edirlər.
Geri qayıt |