Əsas Səhifə > Manşet / Ölkə > "Bura əmim Səttarın yeridir və ona da heç kim heç nə edə bilməz"

"Bura əmim Səttarın yeridir və ona da heç kim heç nə edə bilməz"


26-11-2025, 10:45

Şahbuz rayonundakı "Batabat" restoranı 9 aydır ki işçilərinə maaş vermir. Bu restoranın millət vəkili Səttar Möhbalıyevə aid olduğu bildirilir. İşçilərin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, problemlə bağlı Ali Məclisə qədər şikayətə getsələr də, onlara məhəl qoyan olmayıb.
Şikayətçilərin sözlərinə görə, restorana rəhbərlik edən, Möhbalıyevin Ayxan adlı yaxın qohumu pullarını istədiklərinə görə onları hədələyir:
“Deyir ki, bura əmim Səttarın yeridir və ona da heç kim heç nə edə bilməz, şikayətləriniz heç bir nəticə verməyəcək. Elə, düz də deyir. Hara şikayətə gedirik, ağzımızın üstündən vurub, geri qaytarırlar. Səttar Möhbalıyevin pulunu balta da kəsməz. Ölkəni yeyib-talayıb, bəs deyil. Ayıb olsun ki, bizim maaşlara da göz dikir.”
İşçilər bildirirlər ki, uzun müddətdir maaş ala bilmədiklərindən özləri və ailə üzvləri maddi cəhətdən ağır vəziyyətə düşüblər:
"Aylardır maaş ala bilmirik. Aramızda elələri var ki, 6 ay, bəziləri 9 aydır maaş almır. Aldığımız 500-600 manat maaşdır. Hamımızın ailəsi uşaqları var. Onları necə saxlayaq? Məcbur qalıb borca girmişik, bankdan kredit götürmüşük. Borclular borcunu, bank isə kreditini istəyir. Heç yerdə şikayətimizə baxmırlar. Aidiyyəti qurumlardan kömək istəyirik."
Şikayətçilər aidiyyətı dövlət qurumlarından kömək istəyirlər.
Adı çəkilən restoran əvvəllər Talıbovlar ailəsinin nəzarətində olan "Nəqşicahan Holdinq"in tərkibində fəaliyyət göstərib. Vasif Talıbov vəzifədən uzaqlaşdırıldıqdan sonra Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bir müddət sonra isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının o vaxtkı sədri, Səttar Möhbalıyev buranı özəlləşdirib. Hazırda bu restorana onun qardaşı oğlu Ayxan Möhbalıyev rəhbərlik edir.

Geri qayıt