Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ...

Elxan Allahverdiyev KİMDƏN GÜC ALIR Kİ...


Bu gün, 16:29

Prezident İlham Əliyev noyabrın 12-də yeni vəzifəyə təyin etdiyi icra başçılarını qəbul edərkən çox açıq danışdı, aydın tapşırıqlar və mesajlar verdi, onların qarşısında konkret öhdəliklər qoydu:

- Məmurlar təkəbbürlü olmamalı, xalqla bir yerdə olmalıdır; - Vəzifəlilər və yaxınları həyatda, məişətdə özlərini nümunəvi aparmalıdırlar, hakimiyyətin nüfuzuna ziyan vuracaq əməllərə yol verməməlidirlər; - Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən problemlərin həllinə nail olmalıdırlar; - Məsələlərin həllində əsas prinsip sosial ədalət prinsipi olmalıdır, hər bir bölgədə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir və s.

Dövlətimizin başçısı həmçinin vurğuladı ki, Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb: “Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər... Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək".

Belə çıxır ki, icra başçılarının indidən belə “yuxarıdan tapşırılıb” deyə bəhanələri də olmayacaq. O cümlədən, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı da Elxan Allahverdiyev də daha rəvac verdiyi qanunsuzluqlara “yuxarıların” diktəsi ilə göz yumduğunu iddia edib özünə bəraət qazana bilməz. Söz yox, o tapşırıqlar da, bəraət qazanma cəhdləri də ictimaiyyət qarşısında deyil, kabinetlərdə olurdu.

E.Allahverdiyev rəhbər vəzifəyə gəlməsindən sonra paytaxtın sözügedən rayonunda qanunsuz tikintilərin vüsət alması mövzusunda saytımızda gedən əvvəlki yazılarda da bildirmişik ki, nəinki Binəqədinin izdihamlı yerlərindəki mənzillərdə, hətta ucqar lardakı fərdi evlərdə belə çəkic taqqıltısı gələndə, daş daş üstünə qoyulanda RİH-nin emissarları gəlib qanunun-qaydanın mövcudluğunu xatırladırlar. Özbaşına tikinti işlərinə isə təmənnasız göz yumulmur. Hər dəfə də qeyd etmişik ki, Elxan Allahverdiyevin başçılıq etdiyi Binəqədi paytaxtın ən çox qanunsuz tikintiyə rəvac verildiyi rayonlarından biridir. Əgər Elxan Allahverdiyev bu qanunsuzluqlardan xəbərsizdirsə – demək, idarə edə bilmir. Yox əgər xəbəri var və göz yumursa – bu artıq vəzifə səlahiyyətlərindən sui-istifadədir.

Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi – 207 ünvanda özbaşına tikinti aparılır. Redaksiyamızın çəkiliş qrupu sözügedən ünvanda video-qeydlər aparıb (təqdim olunur). Görüntülərdən məlum olur ki, hasarın içərisində mövcud olan fərdi evə dörd bir yandan karkaslar qurularaq artırmalar edilməkdədir. Artırılacaq hissənin hasarla tam birləşdirilməsi nəzərdə tutulub və başa çatandan sonra hansı təyinata xidmət edəcəyi naməlumdur. Aşkar məsələdir ki, göz önündə olan bu özbaşınalığa rəvac verən əsas vəzifəli şəxs Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir.

Söz yox ki, Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksionerlərinin də Elxan Allahverdiyevin rəvac verdiyi bu özbaşınalıqlardan yaxşı xəbərdardırlar. Bizə təəccüblü gələn məsələnin o tərəfidir ki, Binəqədidə qanunsuz tikililəri həyata keçirən şəxslər çox təəssüf ki, “həmkarlarımız” arasından özlərinə himayədarlar tapırlar. Artıq neçənci dəfədir ki, hər dəfə Binəqədi rayonunda özbaşına tikinti mövzusunda yazı təqdim edəndə, hətta tikintinin aparıldığı ərazidə çəkiliş işi gördüyümüz vaxt belə “həmkarlarımız” peyda olub redaksiyamıza zəng vuraraq peşə fəaliyyətimizə qanunsuz müdaxilə etməyə uğursuz cəhdlər göstərirlər. Belə təəssürat yaranır ki, rayonun müxtəlif ünvanlarında həyata keçirilən qanunsuz inşaat işləri görən şəxslər sanki mərkəzləşdirilmiş qaydada həmin “jurnalistlərlə” əlaqələndirilir. Bu da rayon rəhbərliyində hansısa funksionerlərdən şübhələnməyə, əlaqələndiricinin məhz vəzifəli şəxs olduğunu düşünməyə əsas verir.

Nyus.Az



Geri qayıt