Əsas Səhifə > Manşet / Hadisə > Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”...

Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”...


Bu gün, 10:45

Azərbaycanda elə tikinti şirkətləri var ki, işləri ev tikmək yox, ev yıxmaqdır. Onların qanunsuz və dələduz hərəkətləri ucbatından yüzlərlə ailənin tifağı dağılıb, evsiz-eşiksiz qalıb, indiyə qədər də süründürməçiliklə üzləşməkdədirlər. Çünki ev tikmək adı ilə ev yıxanların tamahı, fırıldağı vətəndaşları bu yerə gətirib çıxarıb.

Hüseynova Rəna Allahverdi qızı da zərər çəkənlərdən biridir. Saytımıza göndərdiyi məktubda Prezident İlham Əliyevə müraciət edən vətəndaşın sözlərinə görə, qanun pozuntusu və dələduzluğa məruz qalıb. Şikayətçi qeyd edib ki, 2022-ci ildə Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “Yasamal 33 İnşaat Konstruksiyaları” MMC adlanan tikinti şirkətindən 1 otaqlı, 53 kvadrat metrlik mənzil alıb. O, bunun üçün 45 000 (qırx beş min) manat ödəyib.
Rəna Hüseynova dövlət başçısına müraciətində qeyd edib ki, ona və digər vətəndaşlara təqdim olunan sənədlərin rəsmi, hüquqi qüvvəyə malik olduğu bildirilib. Sonradan məlum olub ki, bu sənədlər printerdə çap olunmuş saxta sənədlərdir. Mənzil dövlət əmlak reyestrində qeydiyyata alınmayıb, adına heç bir hüquqi sənəd mövcud deyil: "Bu dələduzluq sxemində iştirak edən əsas şəxslər Əliyev Rauf — “Yasamal 33 İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri,
Əliyev Rəsul - hazırda şirkətin direktoru, Nəcəfov Zahir - mənzili aldığım dövrdə şirkətin maliyyə məsələləri üzrə direktor müavini idi. Hazırda bu şəxs təxminən 3 aydır işdən çıxarılıb. Həmçinin bu işdə Qambarcayeva Xalidə var. O, vətəndaşlara printerdə saxta sənədlər hazırlayıb təqdim edən əsas şəxsdir. Filman isə həmin ərazidə işləyən inşaat mühəndisidir".
Müraciətdə deyilir ki, zərərçəkənlər binaya yaxınlaşdıqda Filman adlı mühəndis onların şəklini çəkərək fotoları WhatsApp vasitəsilə dələduzlara göndərir, onlar isə qabaqcadan xəbərdar olur, vətəndaşlarla görüşməkdən yayınırlar. Onun dediyinə görə bu da dələduzluqla yanaşı, vətəndaşlara qarşı sistemli gizlənmə və yayındırma taktikasıdır: "Ərazidə heç bir komendant yoxdur. Vətəndaşların heç biri ofisə buraxılmır, girişdə 3 dəmir qapıdan ibarət keçidlər quraşdırılıb, bu da problemin daha da gizlədilməsinə xidmət edir. Bu dələduzluqla məşğul olan şəxslər və ya onların təmsilçiləri 50-dən çox telefon nömrəsindən istifadə edərək vətəndaşların zənglərinə cavab vermir, onları qara siyahıya salır, əlaqəni tamamilə kəsirlər".
Vətəndaş sonda Prezidentdən kömək istəyib: "Cənab Prezidentdən xahişim odur ki, “Yasamal 33 İnşaat Konstruksiyaları” MMC və adı çəkilən şəxslərlə bağlı cinayət işi açılması üçün hüquq-mühafizə orqanlarına göstəriş verilsin. Eyni zamanda, mənim və digər vətəndaşların maddi ziyanın ödənilməsi, yaxud mənzillərin qanuni şəkildə adımıza keçirilməsi təmin edilsin. Bu sxemdə iştirak edən şəxslərin vergi, mülkiyyət və digər əlaqəli fəaliyyəti isə yoxlanılsın, tikinti sahəsində bu kimi halların qarşısının alınması üçün nəzarət mexanizmləri gücləndirilsin, müraciətimlə bağlı rəsmi yazılı cavab verilsin. İnanıram ki, Sizin rəhbərliyinizlə dövlət orqanları bu məsələyə ciddi yanaşacaq, haqq-ədalət bərpa olunacaq və bu dələduzluq qurbanı olan vətəndaşların hüquqları qorunacaq".
Xatırladaq ki, "İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə may ayında xəbər verilib.
Təqsirləndirilən şəxslər Rauf Əliyev, Rəsul Əliyev və Zahir Nəcəfovun Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə),308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrilə ittiham edildiyi cinayət işi üzrə hazırda məhkəmə baxışı davam etdirilir.
Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında yerləşən “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

rubrika.az


Geri qayıt