Əsas Səhifə > Manşet / Gündəm > Gəncədə Prezident sərəncamı niyə icra olunmur?

Gəncədə Prezident sərəncamı niyə icra olunmur?


Bu gün, 09:04

“Təzadlar” qəzetinə Gəncə şəhəri, Cümhuriyyət küçəsi, 72 (keçmiş Əli Məmmədov küçəsi, 1B) ünvanında yaşayan Qoşqar Umud oğlu Haqverdiyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə ünvanlanmış müraciətinin surəti daxil olub.

Müraciətdə deyilir:

Hörmətli Anar müəllim!

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə məlum tərkibdə Dövlət Komissiyası yaradıldı.

Qeyd edim ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən yaşadığım Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edildi. Xatırladım ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə atəşə tutdu. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağıldı, sakinlər dağıntılar altında qaldı, şəhid oldu, yaralandı. Eyni zamanda, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Hörmətli Anar müəllim!

Bildirirəm ki, Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 17-də Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində mənə məxsus olan Gəncə şəhəri, Cümhuriyyət küçəsi, ev 72 (keçmiş Əli Məmmədov küçəsi, 1B) ünvanında yerləşən fərdi yaşayış evimə, köməkçi tikililərə və həyətimin hasarına ziyan dəyib. Ancaq çox təəssüf ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən evimə dəyən ziyan tam deyil, qismən ödənilib, həyətimin hasarına və digər köməkçi tikililərə dəyən zərərə görə ümumiyyətlə kompensasiya ödənilməyib. Hazırda həmin köməkçi tikililər və həyətimin hasarı qəza vəziyyətindədir. 65 yaşlı işsiz vətəndaş olaraq mövcud problemləri aradan qaldırmağa yetəcək maddi imkanım yoxdur. Odur ki sizdən xahiş edirəm, Dövlət Komissiyası tərəfindən həyətyanı sahəmə yenidən baxış keçirilsin və köməkçi tikililərin mövcud vəziyyətinin qiymətləndirilməsi təmin edilsin.

Hörmətli Anar müəllim!

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi yüksək qayğıya və diqqətinə güvənərək, ümid edirəm ki, müraciətimi nəzərə alacaqsınız. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm”.


Geri qayıt