Əsas Səhifə > Manşet / Ölkə > "Günlərlə su üzünə həsrət qalırıq..."

"Günlərlə su üzünə həsrət qalırıq..."


Bu gün, 11:00

Naxçıvan şəhərinin köhnə yaşayış sahələrindən biri olan Əlincə məhəlləsində əhali uzun illərdir içməli su problemi yaşayır. Bu məhələnin sakinlərinə bəzi günlər ümumiyyətlə su verilmir. Ən yaxşı halda isə, günün müəyyən saatlarında su buraxılır. Bu haqda “Gündəlik Naxçıvan”a sakinlər məlumat veriblər.
Bundan əlavə, boru xətləri köhnə olduğundan su bulanıq, içməyə yarasız olur.
Məhəllə sakini Ç. Babayeva deyir ki, su çox vaxt gecə saatlarında verildiyindən, yatmayıb, suyun gəlməsini gözləyirlər:
“6 ildir Naxçıvan şəhəri, Əlincə məhəlləsində yaşayıram və bu su problemi bitmək bilmir. Demək olar ki, hər həftəsonu su kəsilir və axşam saatlarına qədər gəlmir. Günlərlə su üzünə həsrət qalırıq. Su çox zaman gecə saat 1–3 arası açılır. Məcbur qalıb, bu vaxta kimi yatmırıq. Bu səbəbdən səhər də vaxtında durub, işə gedə bilmirik. Su gələndə də çox zaman lilli, palçıqlı gəlir. İstifadə etməyə yarasız olur. Mən işlədiyim üçün yalnız həftəsonu evdə oluram. Su gəlmir deyə, evdə heç bir iş görmək olmur. Evdə körpə uşaq var, kiminsə xəstəsi var. Yayda kəsilir, qışın soyuğunda kəsilir. Belə olmaz axı. Dəfələrlə aidiyyəti qurumlara, su idarəsinə zəng etmişik. Ya telefonu açmırlar, ya da həll olunacağına vəd verib, əməl etmirlər. Xahiş edirik bu su problemi artıq həll olunsun.”
Digər məhəllə sakini Səməd Məmmədov isə bildirir ki, içməyə yararsız olduğundan, suyu marketlərdən almağa məcbur olurlar:
“Borular sovet dövründən qaldığı üçün tez-tez qəza baş verir. Avqust ayında bir neçə dəfə su bulanıq, palçıqlı gəlib. Köhnə dəmir boruların pası qarışdığı üçün içməyə yararsız olur. Sakinlər suyu pulla alırlar. Bu isə xüsusən kasıb ailələr üçün əlavə xərcdir. Həyət evində yaşayanların bir çoxu həyətlərdə quyular qazdırsalar da, çox zaman bu da içməyə yarasız olduğu üçün problemi həll etmir. Su agentliyi isə min bəhanə ilə hətta işlətmədiyimiz suya görə də pul yığır, amma, problemin həlli istiqamətində heç bir iş görmürlər.”
Sakinlər aidiyyəti qurumlara müraciət edərək, problemin tezliklə həll olunmasını tələb edirlər.

Geri qayıt