Əsas Səhifə > Manşet / Sosial > Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA...

Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA...


Bu gün, 10:41

Naxçıvan Dövlət Universitetində tələbələrin avtomobillə universitet ərazisinə girişi qadağan olunub. Artıq bir neçə gündür ki, əraziyə yalnız müəllimlərin və “xüsusi statusa” malik bəzi tələbələrin keçidinə icazə verilir. Bu ayrı-seçkilik isə tələbələr arasında ciddi narazılıq yaradır.
Tələbələrin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, avtomobillərini saxlamaq üçün unuversitet ətrafında yol qıraqlarında yer axtarmalı olurlar.
Tələbələrdən Cavad Rəcəbov deyir ki, yol qırağında saxladıqları üçün avtomobilləri cərimələnir:
“Şlaqbaumlar qoyulandan universitet ərazisinə daxil ola bilmirik, heç parklama yerindən kənarda olan boş ərazilərə də qoymurlar. Yalnlz müəllimlər, türkiyəli tələbələr və bəzi tapşırılmış azərbaycanlı tələbələr buraxılır. Buna görə özümüzü ayrıseçkiliyə məruz qalmış hesab edirik. Bizim maşınımız dayansa, dərhal mühafizə gəlib çıxarmağımmızı tələb edir. Kobud davranır.
Biz də məcbur qalıb kənar ərazilərdə avtomobili saxlamaq üçün yer axtarırıq. Nəticədə vaxt itkisi olur, dərsə yubanırıq. Çox zaman qayıdıb görürük ki, ya cərimə yazılıb, ya da avtomobillərimiz əzilib. Amma müəyyən tələbələrə göz yumulur. Bu, ədalətsizlik deyil, bəs nədir?”
Digər tələbə Maqsud Rzayev də ayrıseçkilidən narazıdır:
“ Universitet rəhbərliyi bizi bu vəziyyətdə qoyub, amma heç kim məsuliyyət daşımır. Sanki tələbələrin heç bir önəmi yoxdur. Bizim səsimiz eşidilməsə, sabah başqa məsələlərdə də bu cür ayrı-seçkiliklər davam edəcək.
Necə olur ki, türkiyəli tələbələr, bəzi yerli tələbələr avtomobillə universitet ərazisinə rahat daxil olub, avtomobillərini istədikləri kimi saxlaya bilirlər, amma digərlərinə icazə verilmir. Bu vəziyyət bərabərlik prinsiplərinin açıq şəkildə pozulmasıdır.”
Tələbələr rəhbərlikdən bu qadağanın aradan qaldırılmasını tələb edirlər.

Geri qayıt