Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvanda monopolistlərin DUZ DAVASI: Camaat duza möhtac qalıb...

Naxçıvanda monopolistlərin DUZ DAVASI: Camaat duza möhtac qalıb...


Bu gün, 11:08

Bir neçə aydır ki, yerli sakinlər Naxçıvanın brendi sayılan qaya duzuna həsrət qalıblar. Duz qıtlığı „Naxçıvan Duz İstehsalı“ MMC-nin may ayında özəlləşdirilməsindən sonra yaranmağa başlayıb. Özəlləşdirmə monopolistlər arasında duz mədənləri uğurunda gedən mübarizəni qızışdırıb, bu da məsələ aydınlaşana kimi istehsalın dayanmasına səbəb olub.
Hazırda 1-2 kiçik müəssisə məhdud səviyyədə duz istehsal edir ki, bu da əsasən Bakıya göndərilir.
Naxçıvan şəhər sakini Ramiz Qurbanov deyir ki, əvvəllər kilosu 60–80 qəpiyə satılan Naxçıvan duzu indi tapılmır, bəzən isə “əl altından” 2 manata təklif olunur:
“Naxçıvan duzu uzun illər Muxtar Respublikanın əsas məhsullarından biri olub, amma indi bazarlarda və dükanlarda tapılmaması hər kəsi heyrətə salıb. Daş duz mədəninin üzərində yaşayasan, amma yerli duz tapa bilməyəsən.
Yerli duz yoxa çıxdıqdan sonra Naxçıvan bazarlarını başqa yerdən gətirilən ucuz və keyfiyyətsiz duzlar zəbt edib. Türkiyə istehsalı olan duz 1 manata, Gürcüstan duzu 1,20 manata, Masazırdan gətirilən duz isə 1,30 manata satılır.
Dünyanın bir çox ölkələrindən müalicə üçün Duzdağa müalicəyə gəlirlər, amma biz duz dağı olan bir yerdə duz tapa bilmirik. Bu biabırçılıqdır. Aidiyyatı qurumlar mütləq tədbir görməlidir.”
Digər sakin Musa Babayev gətirilmə duzlara alışmadıqlarını bildirir:
“Biz naxçıvanlılar dəniz duzuna alışmamışıq. Yalandan deyirlər ki, texniki avadanlıqlar köhnədir deyə, istehsal dayanıb. Amma buna heç kim inanmır. Gizlətsələr də məlumat var ki, özələşdirmə adı ilə müəssisəni alıblar. Hazırda da duz istehsalını ələ keçirmək üstündə mübarizə gedir. Hakimiyyət dəyişikliyindən sonra vəziyyət daha da çətinləşib. Bütün sahələrdə bu cür problemlər yaranıb.”
„Naxçıvan Duz İstehsalı“ MMC yerli İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərib və may ayında özəlləşdirilmək üçün tenderə çıxarılıb. Yayılan məlumatlara görə, tenderin qalibi „Şərq-Qərb“ ASC olub. Bu müəssisənin 96 faizinin Ramiz Mehdiyevin oğlu Teymura məxsus olduğu bildirilir.
„Gündəlik Naxçıvan“

Geri qayıt