Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişlərinin tamamlandığı ilə bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən verilən açıqlama əsl reallığı əks etdirmir. "Report"un yaydığı məlumata görə, guya oktyabr ayının pensiyaları tam ödənilib. Lakin yerli mənbələr və vətəndaş müraciətləri göstərir ki, bu açıqlama reallıqdan uzaqdır.
Əslində ödənilən sentyabr ayının pensiyasıdır
Məlumata görə, DSMF-nin oktyabrın əvvəlində verdiyi və "oktyabr ayı üçün ödənişlər yekunlaşıb" başlıqlı açıqlaması əslində, sentyabr ayının pensiyasının gecikmiş ödənişini əhatə edir. Belə ki, sentyabr ayına aid pensiyalar yalnız ayın 25-də ödənilib. Bu isə o deməkdir ki, oktyabr ayının pensiyası hələ təqdim edilməyib.
Pensiyalar hər ayın 14-də verilirdi, indi 25-nə qədər gecikdirilir
Əvvəllər pensiyalar hər ayın 10-14-ü aralığında ödənilirdisə, son 5 ildə bu tarix hər dəfə 25-nə qədər gecikdirilir. Hətta bəzi hallarda ayın son günlərinə qədər çəkən ödənişlər də olub. Bu da vətəndaşların aylıq planlamasını çətinləşdirir və etirazlara səbəb olur.
Bu gecikmələr nəyə xidmət edir?
İddialara görə, gecikdirilən pensiya vəsaitləri müəyyən müddət ərzində dövlət və ya bank maraqları çərçivəsində dövriyyəyə buraxılır, gəlir gətirici əməliyyatlarda istifadə edilir. Milyonlarla manat vəsaitin gecikdirilməsi, bunun müqabilində faiz gəliri əldə edilməsi ehtimalları vətəndaşların haqlı narazılığına səbəb olur.
Etimadı zədələyən rəsmi açıqlamalar
Rəsmi qurumların bu cür gerçəklikdən uzaq və manipulyativ açıqlamalar yayması əhalinin dövlət strukturlarına olan etimadına ciddi zərbə vurur. Vətəndaşların sosial təminatı ilə məşğul olan bir qurumun şəffaflıqdan bu qədər uzaq olması, ciddi narahatlıq doğurur.
Vətəndaşlar cavab gözləyir
Artıq sosial şəbəkələrdə və bəzi yerli media orqanlarında bu məsələ ilə bağlı narazılıqlar açıq şəkildə dilə gətirilir. Vətəndaşlar DSMF-dən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiyaların gecikdirilməsi səbəbləri, eləcə də toplanan vəsaitlərin taleyi ilə bağlı aydın və əsaslı izahat tələb edirlər.
Bakunews.az
Geri qayıt
|