Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Naxçıvan icra hakimiyyəti keçmiş hərbçinin PULUNU KƏSDİ

Naxçıvan icra hakimiyyəti keçmiş hərbçinin PULUNU KƏSDİ


26-09-2025, 10:45

Naxçıvan şəhər sakini, ehtiyyatda olan hərbi qulluqçu Turqan Vəliyev kirayə pulu üçün kompensasiya ala bilmədiyini bildirir. O, Naxçıvan şəhərində daimi qeydiyyatda olsa da, Bakı şəhər Nəsimi rayonunda müvəqqəti yaşamaq üçün mənzil kiraləyib.
Naxçıvan şəhər icra hakimiyyəti may ayına kimi bu mənzilin kirayəsini ödəsə də, sonradan imtina edib. Ona müvəqqəti yaşadığı Nəsimi rayonunun icra hakimiyyətinə müraciət etmək məsləhət görülüb. Burada isə, keçmiş hərbçiyə bildiriblər ki, daimi qeydiyyatda olduğu əraziyə müraciət etməlidir.
Yəni, iki icra hakimiyyəti kirayə pulunun ödənməsini bir-birlərinin üzərinə atır. Ortada qalan işsiz hərbçisi isə, 4 aydır ki, kirayəsini ödəyə bilmir.
“2023-cü ildə təqaüdə çıxarkən mənzillə təmin olunmadığım üçün Nəsimi rayonunda tutduğum evin kirayə pulunu almaq üçün sənədlərim Naxçıvan şəhər icra hakimiyətinə göndərildi. Həmin vaxt heç bir problem çıxarmadan 250 manat kirayə pulu ödəməyə başladılar. May ayında Naxçıvan icra hakimiyəti orada yaşamadığımı səbəb göstərərək kirayə pulunu verməkdən imtina etdi. Dedilər ki, kirayə müqaviləsi Nəsimi rayonunda olduğu üçün, ora müraciət edim. Nəsimi rayon icra hakimiyətinə müraciət etmişəm, onlar da daimi qeydiyyat istəyirlər.
Aylardır qalmışam bu iki qurumun arasında. Kirayə evlərinin qiymətlərinin qalxmasına baxmayaraq, artım da istəmirəm. Lakin, problemimi həll etmək istəmirlər. Necə olur ki, may ayına kimi ödəyəndə qanuni olur, ondan sonra deyirlər qanunsuzdur.”
Turqan Vəliyev aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını istəyir.
"Gündəlik Naxçıvan"

Geri qayıt