Əsas Səhifə > Manşet / Cəmiyyət > Sabunçu İcra Şöbəsində QANUN HƏRLƏYƏN YOXDUR...
Sabunçu İcra Şöbəsində QANUN HƏRLƏYƏN YOXDUR...Bu gün, 12:04 |
Sabunçu İcra Şöbəsi uzun illərdir hüququn deyil, özbaşınalığın məkanı kimi tanınır. Burada qanunun adı var, özü isə çoxdan dəfn olunub. Sanki hər yeni təyin olunan rəis kresloda oturanda “qanun kitabı”nı deyil, sələfinin köhnəlmiş özbaşınalıq dəftərini açır. Fizuli Hüseynov dövründə necə idi? Vətəndaş əzilir, borclu şərlənir, nümayəndə susdurulur. İndi isə yeni rəis Cəlaləddin Əliyev həmin ənənəni “uğurla” davam etdirir. Ənənə o qədər möhkəmdir ki, Tamella Rüstəmova da ona sədaqətlə xidmət edir. Hüquq müdafiəçisinə qarşı “bandalıq” üsulu Mən hüquq müdafiəçisi Samir Zeynalov, 24 sentyabr 2025-ci il tarixdə Sabunçu İcra Şöbəsində vətəndaşın hüququnu sivil qaydada qoruyarkən, qəfil üzərimə 9 nəfərlik dəstə qaldırılır. Həmin dəstəyə Samir Əzizov adlı digər icra məmuru rəhbərlik edir. Sanki burası dövlət orqanı yox, küçə dava meydanıdır. Ardınca isə mənim barəmdə “guya asayişi pozmuşam” böhtanı uydurulur, polisə məlumat ötürülür. Məqsəd bəllidir: nümayəndəni qorxut, susdur, vətəndaşı təcrid et. Borclunun təkrar-təkrar əsassız həbsi Ən böyük biabırçılıq isə borclu Kamil Qarayevin təkrar-təkrar həbsidir. Bəs belə olan halda həbsin adı nədir? Qanunmu? Ədalətmi? Yoxsa sadəcə Cəlaləddin Əliyevin şəxsi göstərişi? Qərəzli məhkəmə: hüququn qətl aktı Bu işin əsas kökü 24 oktyabr 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin (hakim İkram Şirinov) qəbul etdiyi qətnaməyə dayanır. Kamil Qarayev keçmiş həyat yoldaşı Afət Qarayeva qarşısında 17.500 dollar öhdəlik altına salındı. Halbuki Afət Qarayeva açıq etiraf etmişdi: evin alınmasında sərf olunan 20.000 dollar Kamilin atasının evinin satılmasından əldə olunmuşdu. Normal hüquqda bu fakt iddianı alt-üst edərdi. Amma bizim “ədalət məhkəməsi” üçün bu, sadəcə eşidilməyən həqiqət oldu. Ali Məhkəmə də həmin ədalətsizliyi qüvvədə saxladı. Nazirə sual: Bu teatrı daha nə qədər izləyəcəksiniz? Hörmətli nazir Fərid Əhmədov! Bu gün Sabunçu İcra Şöbəsi dövlət orqanı deyil, qanunsuzluğun teatr səhnəsidir. Baş rejissor Cəlaləddin Əliyev, ikinci rolda Tamella Rüstəmova, statistlər isə vətəndaşın üzərinə hücum çəkənlərdir. Tamaşanın adı isə hamıya bəllidir: “Ədalətin məhv edilməsi”. Son söz Sabunçu İcra Şöbəsində olanlar bir şəxsin deyil, bütöv bir sistemli çürümənin göstəricisidir. Amma unutmasınlar: hər tamaşanın sonu var. İşıqlar yanacaq, maskalar düşəcək, həqiqət isə gizlədilə bilməyəcək. Samir Zeynalov Hurriyyet.az Geri qayıt |