Əsas Səhifə > Manşet / Ölkə > Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR...

Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR...


Bu gün, 11:25

Qida Təhlükəsizliyi Agentliyi Avropa Qida Standartları Agentliyi EFSA-nın nizamnaməsi əsasında yaradılanda məndə Qida təhlükəsizliyi sahəsində çox şeyin dəyişəcəyi ilə bağlı böyük ümidlər yaranmışdı. Qurum yaradılarkən hamıya dedilər ki, bu qurum Avropadakı kimi işləyəcək, artıq keyfiyyətsiz, saxta, təhlükəli qida tapılmayacaq. İnsanlarda mənim kimi ümidlə düşündülər ki, nəhayət, bazarda satılan broylerlərdən tutmuş süd məhsullarına qədər hər şey düzələcək, süfrəmizə ancaq sağlam qida gələcək.

Amma illər keçdi, vəziyyət çox da dəyişmədi. Hələ də marketlərdə və bazarlarda keyfiyyətsiz məhsullar satılır. "Mərcan Broyler", “Siyəzən Broyler”, “Şəfa Broyler” kimi firmaların məhsulları dadına, qoxusuna görə çox adamın narazılığına səbəb olur. Bəzi qəndlərdə təhlükəli ağardıcı boyalardan istifadə edildiyi deyilir, süd məhsullarında normadan artıq qatqılar tapıldığı xəbərlərdə çıxır, amma istehsal dayanmır. İstehlakçı bu halları görə-görə təbii olaraq soruşur: bəs Qida Təhlükəsizliyi Agentliyi nə iş görür?

Avropada belə qurumlar hansı məhsulda pozuntu varsa, hamısını açıq şəkildə paylaşır, istehlakçı da bilir ki, hansı markadan uzaq durmalıdır. Bizdə isə “minlərlə yoxlama, yüzlərlə cərimə” kimi ümumi sözlər deyilir, amma kimin məhsulu təhlükəlidir, kim qaydanı pozub, bunlar demək olar açıqlanmır. Elə bil, istehlakçı üçün əsas olan məsələ arxa plana atılır. Üstəlik, çox adam deyir ki, kiçik dükanlara və kiçik istehsalçılara sərt yanaşırlar, amma böyük fabriklərə, tanınmış markalara qarşı çox yumşaq davranırlar. Bu da təbii olaraq “kiminsə söykənəcəyi var” söz-söhbətini artırır.

Bütün bunlara görə insanlar hesab edir ki, qurum yaradılarkən verilən vədlər yerinə yetirilməyib. Keyfiyyətsiz broylerlər, qatqılı və təhlükəli qidalar hələ də süfrəmizə gəlir. İstehlakçı isə hələ də aldığı məhsulun doğrudan da sağlam olub-olmadığına əmin ola bilmir.

Bir müddət bundan əvvəl telekanalların birində portağallara boyaq maddə qatılması ilə bağlı sujetdə Qida Təhlükəsizliyi Agentliyi açıqlama verdi ki, bu məsələdən sizin sayənizdə xəbərdar olduq və araşdırma aparılır. Üstəlik, vətəndaşlara müraciət ediblər ki, belə halları görsələr, agentliyə məlumat versinlər. Sual olunur əgər hər şeyi vətəndaş deməlidirsə, bəs onda Agentlik nə işlə məşğuldur?

İlkin Məmmədkərimov - "DİA-AZ"


Geri qayıt