“BakuBus” avtobuslarının gecikməsi artıq Bakının bir çox marşrut xətlərində adi hala çevrilib. Xüsusilə 10 nömrəli marşrut xəttində vəziyyət bərbaddır. Şirkətin özəl “Instagram” səhifəsində guya 12 dəqiqə interval ilə işlədiyi, yalnız “pik saatlarda” azacıq gecikmələrin baş verdiyi yazılır. Amma reallıqda sərnişinlər dayanacaqlarda 40-45 dəqiqə gözləyir. Yüzlərlə insan şərhlərdə eyni problemi bölüşür – gecikmələrin sistemli və davamlı olmasından gileylənirlər.
“Pik saat” bəhanəsi isə açıq-aşkar saxtadır. Yay aylarında yollar ümumiyyətlə boş olur, bazar günü demək olar ki, tıxac olmur. Ən azından Ağ şəhərdən 28 May metrostansiyasına qədər olan hissədə sıxlıqdan söhbət belə gedə bilməz. Üstəlik, avtobusların hərəkət etdiyi xüsusi zolaqlar həmişə açıq və boşdur. Yəni gecikmələrin səbəbi nə yol vəziyyəti, nə də hərəkət sıxlığıdır – bu, sırf məsuliyyətsizlik və idarəetmədəki qüsurlardır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hər fürsətdə vətəndaşlara şəxsi avtomobildən az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir. Amma ictimai nəqliyyat bu qədər gecikmə ilə işləyərkən, bu çağırışlar boş ritorikadan başqa bir şey deyil. İnsanların işini, vaxtını, planlarını “heç vecinə almayan” bir yanaşma ilə qarşı-qarşıyayıq.
Bu, təkcə 10 nömrəli marşrutun deyil, ümumilikdə şəhərin avtobus sisteminin acı reallığıdır.
“DogruXeber.az” olaraq bildiririk ki, ictimai nəqliyyatda etimad ancaq real və etibarlı xidmətlə qazanılır. Söz verib yerinə yetirməmək isə xidmət deyil, bu açıq şəkildə vətəndaşı aldatmaqdır.
Məsələni kağız üzərində “yaxşılaşdırmaq”la deyil, real işlə həll etmək lazımdır. Əgər Bakı küçələrində avtobuslar vətəndaşın qarşısında bu qədər məsuliyyətsiz hərəkət edirsə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “ictimai nəqliyyata üstünlük verin” çağırışlarının heç bir dəyəri qalmır. Bu, sadəcə vətəndaşın vaxtına, əsəbinə və etimadına qarşı açıq-aşkar hörmətsizlikdir.
Geri qayıt
|