Əsas Səhifə > Manşet / Ölkə > Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradırBu gün, 10:00 |
Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsi dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 20.05.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “CAUCASİAN SUPPLİES” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib ə tərəflər arasında 26.793,08 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 30.07.2025-ci ildə dərc edilib. Satınalmaların portalı üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, bu Azərbaycan Texnologiya Universiteti ilə “CAUCASİAN SUPPLİES” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Belə ki, tərəflər arasında 07.05.2025-ci ildə abadlaşdırma mallarının satınalınması üzrə bir müqavilə də bağlanılıb ki, onun dəyəri 2.793,06 manat olub. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “CAUCASİAN SUPPLİES” (VÖEN: 1507070551) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.01.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, NAZİM HACIYEV, ev.22A, m.6, qanuni təmsilçisi kimi isə Cabbarova Əminə Mübariz qızı qeyd olunub. Satınalmaların portalına yerləşdirilmiş və Dövlət Vergi xidmətinin məlumatlarından da göründüyü kimi Azərbaycan Texnologiya Universiteti cəmi dörd ay əvvəl dövlət qeydiyyatına alınmış “CAUCASİAN SUPPLİES” MMC ilə müqavilə bağlayıb. Bundan sonra nələr baş verib? “CAUCASİAN SUPPLİES” MMC birdən birə satınalmalarda parlamağa başlayıb və 07.05.2025-ci ildən 30.07.2025-ci ilə qədər, son iki ayda müxtəlif dövlət qurumlarından 15 kotirovka sorğusu udub. Məsələn MMC Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə 39.925,3 manat dəyərində hədiyyələr və hədiyyə tipli süvenirlər satıb. Qəbələ rayon İcra Hakimiyyətinə isə Qəbələ-Hacıallı aeroport yolunun işıqlanması üçün 4.720 manat dəyərində lampa və elektrik malları satıb. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinə 4.492,5 manat dəyərində təmir mal-materialları, 9.392,8 manat dəyərində ofis malları satıb. Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə isə 548,7 manat dəyərində nəqliyyat vasitələrinə ehtiyyat hissələri, 44.997,88 manat dəyərində isə dəftərxana və təsərrüfat malları, mətbəə malları, maşın və avadanlıq, şəhərdə şəhər işıqlanması ilə bağlı mallar satıb. “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsə 5.121,2 manat dəyərində müşahidə kameraları satan MMC daha sonra Azərbaycan Texniki Universitetinə 22.470,74 manat dəyərində yumşaq inventarlar və idman malları satıb. “CAUCASİAN SUPPLİES” MMC daha sonra Naxçıvan Yaşıllaşdırma Xidmətinə 8.578,6 manat dəyərində kompüter, printer və digər avadanlıqlar, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutuna 74.979,56 manat dəyərində bir sıra mallar, Şəmkir rayon İcra Hakimiyyətinə isə 9.994,6 manat dəyərində maşın və avadanlıqlar satıb. Son iki ayda satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi “CAUCASİAN SUPPLİES” MMC satınalmalarda bütün sahələrə baş vurub və qalib çıxıb. Buradan suallar yaranır. Bu MMC -nin qalibi olduğu dövlət sifarişlərini yerinə yetirməyə, qanunda təchicatçılara dair nəzərdə tutulmuş xüsusi tələblərə cavab verirmi? Qanunla təchizatçının satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; texniki imkanlarının və maddi-texniki bazasının olması; müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması mütləqdir. Amma bu kimi hallar dövlət satınalmalarında adi hala çevrilib. Belə universal MMC-lər bəzi məmur və yüksək vəzifəli şəxslər tərəfindən formal yaradılır, satınalmalar xətti ilə həyata keçirilən işlərdə dövlətə hərtərəfli ziyan vururlar. Bu şirkətlərin heç bir işçisi olmur, həm vergilərdən yayınır, həm dövlətə heç bir sosial ödəniş etmir, həm də dövlət vəsaitlərinin təyinatından kənara yönəldilməsində vasitəçi olurlar. Digər tərəfdən də, satınalmalarda iştirak etmək istəyən sadə fiziki və ya hüquqi şəxslərin qarşısında baryer olub, onların inkişaf etməsini əngəlləyirlər. Nəzarət orqanı olaraq müəyyən edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə bunlara sadəcə seyrçi olaraq nəzarət edir. Aktualinfo.org Geri qayıt |