Əsas Səhifə > Manşet / Hadisə > Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR...

Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR...


Dünən, 11:48

"Şikayətim Dəmir Kargo şirkəti ilə bağlıdır. Təəssüf ki, bu, ilk narazılığım deyil". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rəna Abbaszadə adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "Artıq neçə dəfədir ki, sifariş etdiyim məhsulların real çəkisi ilə sistemdə göstərilən çəki uyğun gəlmir. Arada 700-800 qram fərq olur. Məsələn, 200 qramlıq bir məhsul sistemdə 1 kq olaraq göstərilir.
Birinci dəfə bu problemlə qarşılaşanda Elmlər filialına yaxınlaşdım. Orada tərəzi belə yox idi və biz məhsulu yaxınlıqdakı mağazada çəkdirmək məcburiyyətində qaldıq. Hətta buna baxmayaraq, məni 28 May filialına yönləndirdilər və səbəb kimi “orada tərəzi var” deyildi. Anlamıram, əgər problem şirkətdədirsə, niyə mən başqa bir ünvana getməliyəm? Nəticədə, getmədim. Bir həftə sonra məsələ nəhayət ki, həll olundu. Lakin geri qaytarılan ödəniş kart hesabıma yox, Dəmir Kargo balansıma geri qayıtdı.
Yolda olan sifarişlərim də olduğuna görə, onları da götürdükdən sonra bir dəfəlik Dəmir Kargo ilə sifarişi dayandırmaq qərarına gəlmişdim. Amma təəssüf ki, yenidən eyni problemlə üzləşdim. 1500 qramlıq məhsul 1700 qram, 140 qramlıq məhsul isə 600 qram olaraq göstərilmişdi.
Körpə uşaqlı biri olaraq bu kimi problemlərlə məşğul olmaq mənim üçün həm vaxt, həm də əsəb itkisinə səbəb olur. Buna baxmayaraq, yenidən məni filiallara yönləndirdilər. Sonunda bildirdilər ki, bir neçə gün ərzində məsələ həll olunub. Yoldaşım, işdən çıxaraq saat 18:41-də filialdan sifarişi götürməyə getdi. Lakin Dəmir Kargo şirkəti Instagram səhifəsində heç bir məlumat paylaşmadan və müştərilərə əvvəlcədən xəbərdarlıq etmədən filialı bağlı saxlamışdı. Halbuki iş saatları 20:00-a qədər qeyd olunub.
Müraciət edib rəsmi şəkildə şikayətimizi bildirdik və artıq bu şirkətdən istifadə etməyəcəyik. Bu paylaşımı etməyimin əsas məqsədi – sizin də bu cür hallarla qarşılaşmamağınızdır. Çoxumuz çatdırılma ödənişini avtomatik şəkildə və əlavə yoxlamadan edirik. Amma Dəmir Kargo ilə sifariş etməyə davam etsəniz, bu tip problemlərin qaçınılmaz olduğunu nəzərə alın..."

Geri qayıt