Əsas Səhifə > Manşet / Gündəm > İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri

İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri


Bu gün, 06:11

Uzun illərdir ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əsasən gömrük işi həyata keçirən və demək olar ki, vergidən və bütün hesabatlardan yayınan şirkətlər fəaliyyət göstərir. Təbii ki, belə şirkətlərin idarə olunması elə bir formada həyata keçirilir ki, onlara qarşı heç bir qadağa və ya cərimə tətbiq etmək mümkün olmur.

Məsələn, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlər barədə illərdir yazılır, deyilir. Bu şirkətlərin fəaliyyətinə ona görə “qanunsuz” deyilir ki, onların vergi ödəmələri, işçi sayı, qaydalara uyğun olaraq anbar təminatı və maliyyə hesabatları düzgün deyil. Daha doğrusu, hansısa məmurların dəstəyi ilə yaradılan belə şirkətlər maliyyə dövriyyələrini elə şəkildə tənzimləyirlər ki, “iri sahibkarlıq subyekti” statusuna keçməsinlər.

Bəs nədir “iri sahibkarlıq subyekti”?

"İri sahibkarlıq subyekti" dedikdə, aşağıdakı meyarlardan ən azı ikisini ödəyən subyektlər nəzərdə tutulur:

İllik gəliri: 8 milyon manatdan çox;

İşçilərin orta sayı: 125 nəfərdən çox;

Aktivlərin dəyəri: 4 milyon manatdan çox;

Yəni şirkət bu meyarlara çatmırsa, iri sahibkarlıq subyekti hesab olunmur. Bəs necə olur ki, bir neçə gömrük əməliyyatı ilə milyonlarla manatlıq mal gətirən şirkət bir ildən az müddətdə bağlanır?

Bu bilərəkdən edilir. Məqsəd budur ki, Maliyyə Nazirliyinə illik hesabat təqdim etməyə məcbur olmasınlar. Təəssüflər olsun ki, bu günə qədər gömrükdə qanunsuz fəaliyyət göstərən belə şirkətlərin fəaliyyəti ciddi şəkildə yoxlanmayıb.

Onlara bu sual verilməyib: nə baş verdi ki, bir neçə əməliyyatla milyonlarla manatlıq mal gətirdiniz, amma 1 il tamam olmadan şirkətinizi bağladınız və yenisini açdınız?

Hazırda Azərbaycanda şirkət açmaq olduqca asandır. Bir neçə manat ödəməklə və ya hansısa prosedurdan xəbəri olmayan birinə 500–1000 manat verərək adına şirkət açdırmaq mümkündür. Bu gün insanlar var ki, adına şirkət açılıb, yüz minlərlə manat borcu yaranıb, amma bundan xəbəri belə yoxdur.

İşbazlar savadsız, avam insanların adlarına şirkətlər açaraq vergidən yayınır, bir neçə əməliyyatla böyük pullar qazanır, sonra da həmin şirkəti bağlayırlar. Bu isə o deməkdir ki, qanunsuz fəaliyyət göstərən şirkətlərin əsas məqsədi qazancı gizlətmək, iri sahibkarlıq subyektinə çevrilməmək və Maliyyə Nazirliyinə hesabat təqdim etməməkdir.

Maliyyə Nazirliyi haradadır?

Uzun illərdir Maliyyə Nazirliyi belə şirkətlərdən hesabat tələb etmir, daha doğrusu edə bilmir. Halbuki Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi birgə işləməli və bu tip şirkətlərin məsuliyyətdən yayınmasının qarşısını almalıdır. Bu günə qədər bu sahədə effektiv nəzarət mexanizmi qurulmayıb.

Bu cür qanunsuz fəaliyyətlər dövlət büdcəsinə böyük ziyan vurur. Eyni zamanda, belə işbazlar hər il milyonlarla manatı dövlətdən gizlədir, oğurlayır. Maliyyə Nazirliyi isə bu vəsaitlərdən xəbərsiz qalır. Halbuki dövlət büdcəsi və illik maliyyələşmə məhz Maliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında formalaşır. İndi bir düşünün – gömrükdə fəaliyyət göstərən onlarla, bəlkə də yüzlərlə belə şirkət illik milyonlarla dövriyyəni hesabatlarda göstərmir və Maliyyə Nazirliyi bu pullardan xəbərsiz qalır.

İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi nə iş görür?

Bu işdə ən ciddi məsuliyyətlərdən biri də İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və onun rəisi Azər Məmmədovun üzərinə düşür. Bu qurum nəzarət etməlidir ki, böyük dövriyyəli şirkətlər özlərini kiçik sahibkar kimi göstərməsinlər. İl ərzində həyata keçirdikləri əməliyyatlara baxıldıqda, aydın olur ki, bu şirkətlər ilin əvvəlində böyük dövriyyə ilə işləyib, ilin sonuna yaxın fəaliyyətlərini dayandırırlar. Bu, birbaşa fırıldaqçılıqdır, vergidən yayınmadır, hesabatdan yayınmadır və ən əsası dövlətin milyonlarla vəsaitinin oğurlanmasıdır.

Yəni, Maliyyə Nazirliyi belə hallarda nə real hesabat ala bilir, nə də bu pulları büdcəyə daxil edə bilir.

Beləliklə, gömrükdə fəaliyyət göstərən qeyri-qanuni şirkətlər, böyük və qanuni fəaliyyət göstərən sahibkarlara ziyan vurur, vergidən yayınmaqla vergi orqanlarını aldadır, dövlət büdcəsinə milyonlarla ziyan vurur, Maliyyə Nazirliyinə hesabat təqdim etmir, fəaliyyətlərini qəsdən gizlədir və dövlətdən oğurlayır.

Bütün bunların qarşısını almaq üçün sistemli, şəffaf və ciddi nəzarət mexanizmi qurulmalı, məmur himayəsində olan şirkətlərin fəaliyyəti araşdırılmalı, və qəpiyinə qədər dövriyyə hesabatı tələb olunmalıdır.

Əslində illik hesabatdan yayınan şirkətlərin avtomatik risk siyahısına salınması həyata keçiriləməlidir. Bütün dünyada risklərin hesablanması və buna uyğun addımların atılması ən öndə duran vəzifələrdir. Şirkət yaradılarkən onun risk dəyərləndirilməsi əsas götürülməlidir. 

Ümumiyyətlə, il tamam olmadan ləğv edilən, lakin gömrükdə böyük dövriyyə həyata keçirən şirkətlər avtomatik olaraq araşdırma altına alınmalıdır. Gömrük, Maliyyə Nazirliyi və Vergilər Xidməti arasında real vaxtda məlumat mübadiləsini təmin edən vahid elektron sistem qurulmalıdır.

Şirkət ləğvindən əvvəl audit prosedurunun məcburi olması məcburi hala gəlməlidir. Şirkət ləğv edilməzdən öncə audit yoxlaması keçirilməli, dövriyyə və maliyyə vəziyyəti tam şəkildə açıqlanmalıdır. 

Fiziki şəxslərin adına açılmış, lakin real fəaliyyət göstərməyən şirkətlərin qeydiyyat və fəaliyyətinin məhdudlaşdırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Vergidən yayınma, maliyyə hesabatlarından qaçma və saxta fəaliyyətlə məşğul olan şirkət sahibləri üçün cəzalar sərtləşdirilməli, cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.

 /Bizimxeber Live BLOG


Geri qayıt