Əsas Səhifə > Manşet, Güney Press > BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa...

BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa...


Bu gün, 15:16
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa...
Naxçıvan analoqu olmayan diyardır. Görünür, məhz bu xüsusiyyətinə görə ona unitar dövlətin tərkibində muxtariyyətlik statusu veriblər. Dünya siyasi idarəetmə tarixində yalnız Naxçıvana xas olan unikalllıq deməkdir bu.

Naxçıvan analoqsuz diyar olduğundan burada baş verən ən xırda hadisələrdə belə mütləq qeyri-adilik müşahidə olunur. Məsələn, siz heç eşidibsiniz ki, işinin öhdəsindən gələ bilmədiyi üçün vəzifəsindən qovulmuş zibilxana müdirini gətirib hansısa uşaq xəstəxanasına (bağçasına yox ha, xəstəxanasına) baş direktor qoyalar? Eşitməyibsinizsə, onda ilk dəfə məndən eşidin: Naxçıvanın Zibil idarəsinin keçmiş rəisi Arzu Qurbanovu Naxçıvanın Uşaq xəstəxanasına direktor qoyublar. Halbuki, bir müddət əvvəl işinin öhdəsindən gələ bilmədiyi üçün onu Zibil idarəsinin müdiri vəzifəsindən çıxarmışdılar. O da etməyib tənbəllik, sənədlərini və digər tələb olunan vəsaitlərini hazırlayıb Qaz idarəsinə müdir getmişdi. Təbii ki, onu sevməyənlərin açığına.

Di gəl ki, “bu açığına yüksəliş” Arzu müəllim üçün kifayət etməyib. O, öz yüksəliş sürətinə nəzarət edə bilmədiyindən bir az da qabağa gedib və nəhayət, dostlarının və kəndçilərinin yardımı ilə Uşaq xəstəxanasına icraçı direktor vəzifəsinə təyinat alıb. İndi Naxçıvanın binəva tibb mütəxəssislərini bir neçə sual maraqlandırır. İlk sual: əcəba, Naxçıvan uşaqları o qədər üzüyoladır ki, zibil idarəsini fırlaya bilməyən “canişin”in kadrı bundan sonra xəstələnmiş körpələri və pediatrları idarə edə biləcək?

İkinci sual: Naxçıvanın unikallığına bir özgə unikallıq qatan Arzu Qurbanov bu qədər yüksəlmə qabiliyyətini hardan alır?

Naxçıvandakı mənbələrimizdən aldığımız məlumata görə, Arzu Qurbanovu gah zibilxana, gah da uşaq xəstəxanası müdiri kimi unikal şəxsiyyətə çevirən bənzərsiziliyi ilk növbədə onun anadan olduğu rayondan gəlir. “Canişin” əfəndi kimi Şahbuzda anadan olan Arzu Qurbanov həm də digər həmrayonlusu, Naxçıvanın Baş naziri Ceyhun Cəlilovla sinif yoldaşıdır. Onun yüksəlişində sinif yoldaşının paytaxta bir telefon zəngi mühüm rol oynadığı bildirilir. Nəticədə Arzu Qurbanov zibilxana müdirindən baş pediatrlığa qədər yüksələ bilib.

Bir başqa iddiaya görə, Arzunun yüksəlişində qurduğu mürəkkəb qohumluq əlaqələrinin də xüsusi rolu olub. Belə ki, Arzu Qurbanov Şahbuzda “İzmir restoranı” kimi tanınan iaşə obyektinin sahibi Nazim müəllimin kürəkənidir. Nazim müəllim isə adını hələ ki çəkmək istəmədiyimiz məşhur bir generalın qudasıdır. Yəni generalın qızını öz oğluna alıb. Beləcə, generalla restoran müdirinin qohumluq əlaqələri vaxtında düzgün evlilik quran Arzu Qurbanovun işinə yarayıb.

Nə deyək, Allah, bütün ailələri xoşbəxt eləsin, kürəkənlərə də öz qudalarının kölgəsi altında böyümək imkanı versin. Biz də bu ağıllı və karlı evlilik münasibəti ilə həm qudaları, həm də kürəkənləri “Yol verin, qudam gəlir” mahnısı ilə bir daha təbrik edirik.



/Ovqat.com

Geri qayıt