Əsas Səhifə > Manşet, Ölkə > Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`...

Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`...


Bu gün, 10:35
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`...
Naxçıvan Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsində analiz vermək istəyən xəstələr ödəniş etməyə məcbur qalır, çünki tibbi-sosial sığorta burada keçərli hesab edilmir. Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, əvvəllər həkim müayinəsinə gələn xəstələr sosial-tibbi sığorta əsasında qan analizi və digər müayinələri ödənişsiz verə bilirdilər. Lakin son vaxtlar laboratoriya xidmətləri ödənişli edilib. Qiymətlər analiz növünə görə dəyişir. Ən ucuz analiz 34 manata, bəzi müayinələr isə 180 manata başa gəlir.
Kiçik sahibkar Əşrəf Həsənov bildirir ki, həm özü, həm də işçiləri üçün hər ay tibbi sığorta haqqı ödəyir. Lakin laboratoriyada ondan ödəniş tələb olunub:
"Ümumi qan analizi vermək üçün xəstəxanaya getdim. Ödənişsiz olduğunu bilirdim. Amma dedilər ki, 34 manat ödəməlisən. Tibbi-sosial sığorta ödəyicisi olduğumu bildirsəm də, 'burada sığorta keçmir' cavabını verdilər. Əgər sığortadan istifadə edə bilmirəmsə, nəyə görə hər ay ödəniş etməliyəm?"
Dövlət qulluqçusu G. Məmmədova da eyni problemlə üzləşib. O, həkimin məsləhəti ilə analizlər verməli olub və nəticədə 100 manat xərcə düşüb. O, əlavə olaraq tibbi arayış üçün 40 manat ödəniş tələb olunduğunu bildirir:
"Əvvəllər müayinələr üçün pul ödəmirdik. Yeni nazir gələndən qaydalar dəyişib. Yavaş-yavaş hər şeyi pullu edirlər, tibbi sığortadan istifadəyə imkan vermirlər. Əgər özəl xəstəxana olsaydı, başa düşərdik. Amma bu dövlət xəstəxanasıdır. Bəlkə kimsənin pulu yoxdur, onda nə etməlidir? Ölməlidir?"
Sakinlər tibbi sığortanın tətbiq edilməməsinin əsaslandırılmasını və problemin həllini tələb edirlər.

Geri qayıt