Əsas Səhifə > Manşet, Gündəm > "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?"

"Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?"


Dünən, 06:43
"Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?"
Yardımlı rayonu, Bürzünbül kənd sakini Hətəmov Zeynal Böyükağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlunun dalağı və ödü əməliyyatla çıxarılsa da, ona əlillik verilmir:

“Hörmətli Redaksiya!

Məlumat üçün bildirim ki, hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayıram. Oğlum Hatəmli Yusif 2016-cı ildə anadan olub. Anadan olan vaxtdan xəstədir.

2018-2021-ci ilədək əlillik üçün müavinat aldıq. 2022-ci ildə də "forma 88" göndərdik. 24.10.2024-cü ilədək müavinat alırdıq. Noyabr ayında yenidən qeydiyyatdan keçdik. Lakin bu dəfə imtina cavabı verildi.

Qeyd edim ki, oğlum 2023-cü ildə əməliyyat olunub. Dalaq və ödü çıxarılıb. Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?

Xəstəlik səbəbindən məktəbə də normal gedə bilmir. 2 orqanı çıxarıldıqdan sonra qarnında limfa düyünləri yaranıb".

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Yardımlı rayon sakini 28.07.2016-cı il təvəllüdlü Hətəmli Yusif Zeynal oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 04.12.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib:

"Müayinə zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Belə ki, şəxsin instrumental və laborator müayinə (Qanın ümumi analizi, USM) nəticələrində əlillik təyinatına əsas verən ağırlaşmalar müşahidə edilməyib.

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilib".
Geri qayıt