Əsas Səhifə > Manşet, Gündəm > Şəhidin haqqında sərəncam niyə icra olunmur?

Şəhidin haqqında sərəncam niyə icra olunmur?


Bu gün, 06:21
Şəhidin haqqında sərəncam niyə icra olunmur?
Yaşasaydı, 61 yaşı olacaqdı. Amma bu fani dünyada sadəcə 30 il ömür sürə bildi. Bəlkə də indi isti yuvasında uşaqları, nəvələri ilə söhbətləşir, günlərini şadyanalıqla keçirirdi. Amma o, yaşamağı yox, vətəni, torpağı uğrunda qanı, canı bahasına savaşmağı seçdi. Könüllü olaraq müharibəyə yollandı. Və düz 31 il bundan əvvəl şəhidlik zirvəsinə ucaldı...

Söhbət şəhid Bəhmən Abuzər oğlu Abuzərovdan gedir. O, 1964-cü il iyunun 16-da kolxozçu ailəsində dünyaya gəlib. Ailənin 3-cü övladı idi. 1971-1981-ci illərdə Qaravəlli kənd tam orta məktəbində təhsil alıb. 1981-ci ildə təhsilini davam etdirmək üçün Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna - indiki Bakı Slavyan Universitetinə qəbul olunub. Universiteti bitirdikdən sonra doğma kəndinə, özünün bir vaxtlar şagird olduğu məktəbə müəllim kimi dönüb.

Hələ ailə qurmamışdı. Həyatının ən gözəl çağları onu gözləyirdi. Amma o, vətənin başının üstünü qara buludlar alanda şəxsi həyatını bir kənara qoydu. 1993-cü ilin oktyabrında hərbi komissarlıqdan rəsmi icazə alaraq könüllü cəbhəyə yollandı. 1994-cü il yanvarın 26-da Füzuli uğrunda gedən döyüşlərdə Qızılqaya yüksəkliyində qəhrəmancasına şəhid oldu.

Ölümündən 28 il sonra - 5 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin əmri ilə "Azərbaycan Bayrağı'" ordeni ilə təltif edilib.

***

Şəhid Bəhmən Abuzərovun qardaşı Daşqın Abuzərov redaksiyamıza şikayət məktubu ünvanlayıb. O, iddia edir ki, şəhid qardaşına aid məhkəmə qərarı icra olunmur.

Daşqın Abuzərovun sözlərinə görə, İmişli rayon İcra Hakimiyyətinin 03.06.1996- ci il tarixli 83 saylı sərəncamı ilə şəhid Bəhmən Abuzərovun adı İmişli Tarix Diyarşünaslıq Muzeyinə verilməklə əbədiləşdirilmişdir. Lakin sərəncam müəllifinin özü öz sərəncamını yerinə yetirməyib. Şəhid adının əbədiləşdirilməsi proseduru sona çatdırılmayıb. Bu barədə Nazirlər Kabinetinin 15.01.1994 ci il tarixli 10 saylı qərarına əsasən şəhid adının əbədiləşdirilməsi üçün rayon İcra Hakimiyyəti sərəncam imzalayıb, həmin sərəncam əsasında Nazirlər Kabinetinə vəsatət göndərməlidir. Və Nazirlər Kabineti həmin vəsatətə əsasən şəhid adının həmin muzeyə verilməsi haqqında təsdiq qərarı imzalamalıdır. Lakin İmişli rayon İcra Hakimiyyəti imzaladığı sərəncama sahib çıxmayıb və bu proseduru tam başa çatdırmayıb.

Buna görə də şəhidin qardaşı məhkəməyə müraciət edib. Məhkəmə də onun iddiasını təmin edib. İmişli rayon İcra Hakimiyyətinin üzərinə müəyyən öhdəliklər qoymaqla, dövlətin adından 27.07.2021-ci il tarixli 2-1(120) - 796/ 2021 saylı qərarı qəbul edib. Ancaq bu qərar İmişli rayon İcra Hakimiyyəti tərəfindən heç cür icra edilmir.

“Mən sübut üçün Ədliyyə Nazirliyinə rəsmi ərizə ilə müraciət etdim. Şirvan İnzibati Məhkəməsindən və İmişli rayon İcra Hakimiyyətindən fərqli olaraq, Ədliyyə Nazirliyinin müvafiq şöbəsi müraciətimə qısa zamanda, 22.10.2024-ci il tarixində rəsmi cavab göndərmiş və məlum olmuşdur ki, həqiqətən də (120)-796/2021 saylı qərar şöbənin icraatına daxil edilməyib”, - D.Abuzərov bildirib.

Mövzu ilə bağlı Pressklub.az-a danışan “Hərbi And” qəzetinin baş redaktoru, hərbi ekspert Emin Həsənli deyib ki, Azərbaycan Respublikasının qərarları, prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları məcburi qaydada icra edilməlidir. Azərbaycanda şəhid ailələrinə xüsusi ehtiramla yanaşılır, yerli icra hakimiyyəti orqanlarının da borcu və vəzifəsidir ki, müvafiq qərarları yerinə yetirsinlər: “İcra edilmədikdə vətəndaşın bununla bağlı məhkəməyə müraciət etmək haqqı var. Eyni zamanda, aidiyyəti üzrə yuxarı orqanlara da müraciət edilə bilər. Mərkəzi İcra Hakimiyyəti rəhbərlərinin, Prezident Administrasiyasının, köməkçilərinin, şöbə müdirlərinin qəbulları olur. Oraya da müraciət edə bilərlər”.

Qanunlarımız da deyir ki, hər bir vəzifəli şəxs öz səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 308.1-ci maddələrinə əsasən, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin l və ll hissəsinə görə:

I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmək) və 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) tətbiq olunduqda isə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə (306.2-ci maddə) - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məsələni aydınlaşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək üçün İmişli rayon İcra Hakimiyyətinin elektron poçtuna yazılı sual göndərsək də cavab ala bilmədik. Ombudsman Aparatından da suallarımıza cavab verilmədi.
Geri qayıt