Əsas Səhifə > Manşet, Gündəm > "Anamızın sağlamlığında ciddi problemlər yaranıb..."
"Anamızın sağlamlığında ciddi problemlər yaranıb..."15-12-2024, 13:54 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda son günlər baş verən hadisələrlə bağlı sözügedən təhsil ocağının direktoru Kərim Şükürova müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"ay daxil olan müraciətdə deyilir: "Hörmətli cənab direktor, Biz, Gül Ramilə Gülbaba qızının övladları olaraq, anamızın AMEA Tarix və Etnologiya İnstitutunda əmək fəaliyyəti dövründə məruz qaldığı psixoloji təzyiq, təhqir və qısnama hallarına dair Sizə müraciət edirik. Konkret olaraq, Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və həmin şöbənin digər əməkdaşı Adilə Ağabəyovanın davamlı və məqsədli şəkildə nümayiş etdirdikləri kobud davranışlar nəticəsində anamızın sağlamlığında ciddi problemlər yaranmış, o, ağır cərrahi əməliyyat keçirmiş və hazırda yataq şəraitində müalicə alır. Anamız uzun illər institutda səmərəli elmi fəaliyyət göstərmiş, kollektiv arasında hörmət və nüfuz qazanmış bir əməkdaşdır. Lakin son dövrdə yeni kadr təyinatından sonra, xüsusilə Elçin Cabbarovun rəhbərliyi altında onun sistemli şəkildə psixoloji təzyiqə, əsassız iradlara, kobud rəftara məruz qalması iş mühitində son dərəcə xoşagəlməz atmosfer yaradıb. Uzunmüddətli psixoloji gərginlik, mobbing və qısnama nəticəsində anamızın səhhəti ciddi şəkildə zərər görmüşdür. Mövcud vəziyyətin yaranmasında Elçin Cabbarovun davamlı və məqsədyönlü təzyiqi əsas rol oynayıb. Sizdən xahiş və tələb edirik ki, yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, məsələni hərtərəfli araşdırasınız, müvafiq tədbirlər görəsiniz və bu kimi halların qarşısını almaq üçün zəruri addımlar atasınız. Anamız kollektivdə, ailəsində və ictimaiyyət arasında hörmətlə sevilir. Biz, övladları olaraq, onun iş yerində bu cür təzyiq, təhqir və mobbing hallarına məruz qalmasına biganə yanaşa bilmərik. Ümid edirik ki, müraciətimiz diqqətlə qiymətləndiriləcək və lazımi tədbirlər görüləcəkdir. Hörmətlə, Gül Ramilə Gülbaba qızının övladları adından..." Məsələ diqqətimizdədir... Geri qayıt |