Əsas Səhifə > Manşet, Sosial > "Universal" Hospitalın həkimi Azər Kərimovdan ŞİKAYƏT...
"Universal" Hospitalın həkimi Azər Kərimovdan ŞİKAYƏT...11-12-2024, 08:29 |
Salyan rayon sakini Gülşən Adışirinova göz həkimi Azər Kərimovun həyata keçirdiyi əməliyyatdan sonra görmə qabiliyyətini itirdiyini iddia edir. Şikayətçi bildirir ki, əməliyyatdan öncə həkimin onun problemini həll edəcəyinə dair təminat verdiyini desə də, əməliyyat nəticəsində onun vəziyyəti daha da pisləşib. Məsələ ilə bağlı "Ajans.az"a müraciət edən zərərçəkmişin oğlu İsmayıl Adışirinov hadisənin detalları haqqında geniş açıqlama verib. O, bildirib ki, anasının bir gözü 7 il əvvəl görmə qabiliyyətini itirmişdi: "ARB kanalında Azər Kərimovu izlədikdən sonra ona müraciət etdik. Həkim anamın sol gözündə katarakta olduğunu və əməliyyatın uğurlu keçəcəyini təmin etdi. Analizlərdən sonra əməliyyata qərar verildi. İlk əməliyyatdan sonra anamın gözündə güclü ağrılar başladı. Həkim bu ağrıları müvəqqəti hesab edərək analgin və dimedrol kimi dərmanlarla müalicəni tövsiyə etdi. Lakin vəziyyət daha da pisləşdi, göz təzyiqinin oynadığı bildirildi və anam ikinci dəfə əməliyyat olundu". İsmayıl Adışirinovun sözlərinə görə, həkim anasını onların xəbəri olmadan ona narkoz verilərək yenidən əməliyyata salıb və gözünə linza yerləşdirib: " Halbuki, xəstənin narkoz alması onun sağlamlığı üçün ciddi risk təşkil edirdi. Sonradan başqa həkimlər tərəfindən aparılan müayinələr zamanı məlum olub ki, əməliyyat zamanı Gülşən Adışirinovanın gözünün buynuz qişası zədələnib və onun görmə qabiliyyətini bərpa etmək üçün donor göz qişasına ehtiyac var". Adışirinov ailəsi iddia edir ki, Azər Kərimov əvvəlcə "Məlhəm" və "Kəpəz" hospitalında çalışıb. Onların sözlərinə görə, ana Gülşən Adışirinovanın gözü sonuncu olaraq "Kəpəz" hospitalında keçirilən əməliyyat nəticəsində görmə qabiliyyətini tam itirib. Həkim hazırda "Universal" hospitalında işləyir. "Universal" hospitalın baş həkimi isə Aytən Sultanovadır. İsmayıl Adışirinov anasının gözünün zədələnməsinə görə məsuliyyəti Azər Kərimovun daşıdığını hesab edir. Onlar, həmçinin, digər pasiyentləri bu cür hadisələrin təkrarlanmaması üçün diqqətli olmağa çağırır. Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək üçün Azər Kərimovla əlaqə saxlamağa çalışdıq. Onun meneceri bizə bildirdi ki, bütün məsələlər Azər Kərimovun xeyrinə həll olub. Geri qayıt |