Əsas Səhifə > Manşet, Ölkə > COP29 geridə qalıb... OV SEZONU NİYƏ AÇILMIR?

COP29 geridə qalıb... OV SEZONU NİYƏ AÇILMIR?


9-12-2024, 10:02
COP29 geridə qalıb... OV SEZONU NİYƏ AÇILMIR?
"Hər ilin sentyabr ayında ov sezonuna start verilirdi. Amma COP29-a hazırlıq tədbirlərinin tərkib hissəsi kimi 2024-cü ilin yanvar ayında ov sezonu dayandırıldı. Şəksiz, ölkənin imici ilə bağlı bu istiqamətdə də hər hansı neqativlərin yaranmaması üçün atılan bu addım anlayışla qəbul edilməlidir..." "DİA-AZ" bildirir ki, bunu öz açıqlamasında jurnalist Samir Feyruzov qeyd edib.
O daha sonra əlavə edib: "Lakin Azərbaycan COP29 tədbirini uğurla başa vurdu, ölkənin, təşkilatçıların, tədbirin hədəflərinin imicinə kölgə salacaq heç bir neqativ hadisə baş vermədi, postCOP29 dövründə "törəmə problemlər" də meydana çıxmadı. Əksinə Azərbaycan qərəzli və sistemli hücumların fonunda COP-la bağlı mühüm missiyanı ən üst səviyyədə reallaşdırdı. COP29 noyabrın 22-də bitdi, qonaqlar da öz ölkəsinə qayıtdılar. Hazırda tədbirin hədəfləri istiqamətində Azərbaycan da, tərəfdaşlar da işləyirlər.
Bəs, bu zamana kimi ov sezonunun açılmamasının anlamı nədir? Artıq dekabr ayıdır. Fevral ayında ov sezonu yenidən və açılmadan bağlanacaq!?
Ovçuların müraciətini dinlədim və hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu problemi müsbət şəkildə həll etməli, sezonu açmalıdır. Nə üçün?
Əvvəla, ov sezonu bağlı qaldıqca qanunsuz ovçuların sayı da artmış olacaq. Bu vəziyyət bir az da davam edərsə, qanunsuz ovçuluq mütəşəkkil forma alacaq, əlavə və kimlərinsə şəxsi maraqlarına xidmət edən neqativ hallara gətirib çıxaracaq.
Digər tərəfdən, ov sezonunda iqtisadiyyat az xeyir götürmür, ovçular xeyli pul xərcləyirlər, ov tüfəngləri, müxtəlif ləvazimatlar alınır, onlara lisenziyalar verilir və s.
Həmçinin, ümumi risklər insanların spesifik sahələri üzrə fəaliyyətini məhdudlaşdırmamalıdır. Bu mənada tam qapanma arzuolunan deyil.
Ovçuların mediaya davamlı müraciətləri nazir Muxtar Babayevə çatdırılmalıdır. O, bəlkə də bilir, bilirsə, nəyi gözləyir?
İnanmaq istəyirik ki, nazir ovçuların müraciətini, ov sezonunun daha əhəmiyyətli tərəflərini nəzərə alıb sezonun açılmasını daha çox ləngitməyəcək..."

Geri qayıt