Əsas Səhifə > Manşet, Hadisə > Naxçıvan səhiyyəsində ARAYIŞ ALVERİ...
Naxçıvan səhiyyəsində ARAYIŞ ALVERİ...4-12-2024, 11:21 |
Naxçıvan xəstəxanaları sağlamlıq haqda arayışın qiymətini 70 manata qaldırıblar. Onlar bunu yerli Nazirlər Kabinetinin yeni qərarı ilə əsaslandırırlar. Bu haqda ”Gündəlik Naxçıvan”a bir qrup yerli sakin məlumat verib. Onlar deyirlər ki, arayış baha olduğundan, onu alıb, iş üçün müraciət edə bilmirlər. Naxçıvan şəhər sakini Qurban Rəhimov deyir ki, təmizlikçi işinə düzəlmək üçün ondan sağlamlıq haqda arayış tələb ediblər. Lakin, qiymət bahalandığından arayışı almağa imkanı çatmayıb: „Əvvəl 20-30 manat almaq olurdu. Bu dəfə getdim, dedilər ki, 70 manat olub. Almaq üçün pulum çatmadı. Əslində borc-xərc edib, ala bilərdim. Ancaq, hələ bilmirəm ki, məni dəqiq işə götürəcəklər, ya yox. Çörək pulunu güclə tapıram, 70 manat borca girmək mənim üçün böyük riskdir“. Adının çəkilməsini istəməyən Şərur rayon sakini də eyni səbəbdən oğlu üçün arayış almaqdan imtina etdiyini bildirir: “Ailədə işləyən tək mənəm, cəmi 350 manat maaş alıram. 70 manat bizim üçün çox böyük məbləğdir. Oğlum fəhləliyə düzəlmək istəyirdi, arayışa görə qaldı. Hakimiyyət dəyişiklindən sonra hər şeyin zayı çıxıb. Əvvəl yenə biraz insafla, həm də az-çox örtülü edirdilər. İndi açıq bazara çeviriblər. Deyirlər ki, guya Nazirlər Kabinetinin qərarıdır. Qərarı istəyirsən, deyirlər ki, bizə şifahi belə tapşırılıb. Axı, şifahi tapşırmaqla olmur. Demək ki, yuxarıdakıların şifahi sözü qanundan yüksək tutulur Naxçıvanda”. Geri qayıt |