Əsas Səhifə > Manşet, Hadisə > Aslan Quliyev həbs edilə bilər?

Aslan Quliyev həbs edilə bilər?


28-11-2024, 09:06
Aslan Quliyev həbs edilə bilər?
Nəsimi rayonunda tikinti işləri aparan “Pilot-16” MMC ilə bir qrup sakin arasında mübahisə dərinləşir. Editor.az xəbər verir ki, şirkət tərəfindən sakinlərin mülkiyyət, istirahət, təhlükəsiz yaşamaq hüquqlarına yönəlik addımların davam etməsi mübahisələri hüquq-mühafizə orqanları səviyyəsinə yüksəldib.

Məlumatlı mənbələrdən Editor.az daxil olan məlumata görə, hazırda müvafiq hüquq-mühafizə orqanları “Pilot 16” MMC-nin direktoru Aslan Quliyevlə bağlı vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri araşdırır. Kifayət qədər ciddi ittihamların yer aldığı şikayət məktublarında qeyd olunan məqamlar sübuta olunarsa, Aslan Quliyevi həbs təhlükəsi gözləyir.

Editor.az xatırladır ki, qalmaqallı “Pilot 16” MMC noyabr ayının əvvəllərində Nəsimi rayonu Novruzov qardaşları küçəsi 55 ünvanında yaşayan Yusif Quliyevə məxsus evi dağıtmaqla gündəmə gəlmişdi. Hadisə zamanı Editor.az-a açıqlama verən Yusif Quliyev bildirmişdi ki, Nəsimi rayon Məhkəməsi “Pilot 16” MMC-yə onların evində və ona aparan yolda tikinti-söküntü işləri aparmağı qadağan edən qərar çıxarıb: “Lakin buna baxmayaraq, bu gün mən işdə olarkən “Pilot 16″ MMC-nin nümayəndəsi İlqar müəllim öz qolçomaqlıları ilə mənim evimi tamamilə söküb, məhv etdilər. Bu işin başında şirkətin direktoru Aslan Quliyev və İlqar müəllim durur. Bunlar məhkəmənin qərarını saya salmır. Şirkətin direktoru Aslan Quliyev və İlqar müəllim dəfələrlə mənə deyiblər ki, boşuna çalışma. Onlar deyir ki, Nəsimi rayonunda hər yerdə bizi görəcəksən, polis də, prokurorluq da bizim sözümüzü deyir. Hazırda bu vəziyyətlə bağlı polis və prokurorluğa müraciət etmişəm”.

Faktla bağlı prosesin hansı mərhələdə olduğunu öyrənmək üçün vətəndaş Yusif Quliyevlə əlaqə saxlayıb. Vətəndaş elə bu gün Nəsimi rayon prokurluğunda olduğunu bildirib: “Elə indicə prokurorluqdan çıxıram. Mənə bildirildi ki, faktla bağlı ciddi araşdırma aparılır və hadisəyə obyektiv hüquqi qiymət veriləcək”.

Editor.az-ın əməkdaşı ünvanına səslənən ittihamlarla bağlı “Pilot 16″ MMC-nin direktoru Aslan Quliyevlə əlaqə saxlayıb. O vətəndaşların evlərinin qanunsuz sökülməsi ilə bağlı iddiaları rədd edib: “Mənim barəmdə heç bir cinayət işi açılmayıb. Biz yalnız razılaşaraq aldığımız evləri sökürük. Digər iddialar aidiyyatı üzrə araşdırılır”.

Qeyd edək ki, “Pilot 16″ MMC-nin rəsmi baş direktoru Aslan Quliyevdir. Ancaq mətbuatda dərc olunan və bugünədək təkzib edilməyən məlumatlara görə, şirkətin faktiki sahibi keçmiş oliqarx-deputat Əsabil Qasımovun yaxın qohumu Vüqar Qasımovdur.

Editor.az

Geri qayıt