Əsas Səhifə > Manşet, Cəmiyyət > Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB...

Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB...


26-11-2024, 09:48
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB...
Tezadlar.az saytının elektron poçtuna Şirvan şəhər sakini Elmira Bayım qızı Babayevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayətçi yazır:

"Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığındandır. Bildirirəm ki, həyat yoldaşım - 04.01.1965-ci il doğumlu Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir və s. 22.09.2024-cü ildən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında müalicə olunub. Müalicə həkimi Elşən Qafarovdur. E.Qafarov həm də Həkim Məsləhət Komissiyasının üzvüdür. Mənim həyat yoldaşıma əlillik təyin olunmalıdır. Lakin həkim ağır vəziyyətdə olan xəstəni və bizi süründürməçiliyə saldı. Dörd dəfə onun qəbulunda olmuşuq. Təbii ki, həyat yoldaşımın müalicə həkimi olduğu üçün vəziyyəti ilə tanışdır. Lakin buna baxmayraq, hər dəfə bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi.

14.11.2024-cü il tarixdə Sizlərə şikayət ərizəsi ilə müraciət etdikdən sonra komissiya üzvü 22.11.2024-cü il tarixdə bizi qəbul etdi. Və Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar etdi. Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə 1-ci qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir, xəstənin vəziyyəti Bakıda qiymətləndirilməlidir.

Əvvəla, xəstənin müalicə həkimi elə o, özü olub. İkincisi, bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır? Halbuki xəstə qeyd etdiyim kimi, 22.09.2024-cü il tarixdən 14.10.2024-cü ildək xəstəxanada yatıb müalicə olunub. Ailəmizin maddi durumu çox acınacaqlıdır. Belə ki, 7 nəfərlik ailə (özüm, həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaq) bir mənzildə yaşayırıq. Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Həyat yoldaşım demək olar ki, ölüm ayağındadır. Lakin həyat yoldaşıma əlillik verilməsi üçün komissiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər. Ölüm ayağında olan həyat yoldaşımı hər dəfə həkimə gətirmək üçün maddi və fiziki imkanım da yoxdur. Qeyd etdiyim kimi, xəstənin müalicə həkimi Elşən Qafarov özü olub, vəziyyəti ilə çox yaxşı tanışdır, bütün komissiya üzvləri də bunun şahidi olub. Hətta komissiya üzvlərindən biri Elşən Qafarova iradını da bildirdi ki, ayağa qalxa bilməyən bu xəstə niyə incidilir? Başa düşə bilmirik ki, Elşən Qafarovun bizi süründürməkdə məqsədi nədir?!

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Xahiş edirəm, bizi qəsdən süründürən, get-gələ salan Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində müvafiq tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız. Öncədən Sizlərə təşəkkürümü bildirirəm".

Geri qayıt