"Bir neçə saat əvvəl Polşanın Varşava şəhərində, evimdən təxminən 500 metr məsafədə durduğumuz yerdə 10-15 nəfərlik rasist bir qrup qəfil üstümüzə gəlib bibər qazı sıxdı. Hadisə zamanı gözümüzü aça bilmədik, nəfəs almaqda çətinlik çəkdik..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində hazırda Polşada təhsil alan İbrahim Talışinski adlı gənc soydaşımız bildirir.
Tələbə soydaşımız daha sonra davam edir: "Hücum edən şəxslər hadisədən sonra qaçıb getdilər. Daha sonra polis və təcili yardım gəldi.
Ambulans əməkdaşları bildirdi ki, bu bibər qazı hücumu olduğuna görə bizi xəstəxanaya apara bilməzlər. Yalnız yerində ilkin tibbi yardım göstərdilər.
Bir qədər özümüzə gəldikdən sonra dostum – hansı ki Türkiyə vətəndaşıdır – dərhal Türkiyə səfirliyinə zəng etdi və cavab aldıq. Ardınca ümumdünya Türkiyə vətəndaşları üçün olan qaynar xətti yığdı, və oradan da dərhal cavab verildi.
Təxminən 10 dəqiqə keçəndən sonra polisə zəng gəldi, və bizimlə qışqıra-qışqıra danışan polislər oldular həddindən artıq sakit. Sanki vəziyyəti ört-basdır etmək istəyirdilər.
Əlbəttə, Polşalılarla bağlı şikayətlər də müvafiq qurumlara bildirəcəyik. Amma…
***
Mənim əsas şikayətim Azərbaycandakı qurumlarladır.
Mən 22 yaşlı tələbəyəm və belə ciddi bir hadisə yaşadığım halda, daim vətəndaşlarına həssas yanaşdığını iddia edən dövlətim yenə də lazım olan vaxtda necə möhtəşəm olduğunu mənə bir daha sübut elədi.
İlk öncə, onsuz da əvvəldən çox yarıtmaz olduğu deyilən , cavab verməyəcəyini hələ yığmamışdan qabaq bildiyim, amma yenə də bir ümidlə Polşadakı Azərbaycan səfirliyinə zəng etdim – heç kim cavab vermədi.
Dedim bəlkə bizimdə “ümumdünya azərbaycanlılar üçün bir qaynar xətt” var. İnternetdə axtardım – yalnız Azərbaycan nömrəsi qeyd olunmuşdu.
Əziyyət çəkib roaming açdım, zəng etdim – yenə də cavab verən olmadı.
***
Xəstəxanada mənə bildirdilər ki, gözümün təxminən 7 faiz görmə qabiliyyətini birdəfəlik itirmişəm.
Burada məsələ təkcə bu hadisə deyil. Sual budur:
Başımıza belə ağır hadisələr gələndə niyə dövlət tərəfindən heç bir dəstək olmur?
Niyə bir qaynar xətt nömrəsi belə mövcud deyil?!
Axı bizim dövlətimiz lazım olanda vətəndaşını 1 dəqiqə içində dünyanın istənilən nöqtəsində tapmağı bacarır, amma vətəndaşın köməyə ehtiyacı olanda heç bir əlaqə vasitəsi belə olmur.
***
Bəli, dünyada insanların başına bundan qat-qat ağır hadisələr gələ bilər. Amma bu hadisə də sıradan deyil.
Təkcə Avropada ən azı 50-100 min arasında azərbaycanlı yaşayır.
Amma dövlət bu qədər insana 24 saat işləyən bir qaynar xətt belə yaratmayıb.
Yeyinti, korrupsiya, vəsait israfı hər yerdə var, amma bizim bir “alo” deyə biləcəyimiz bir nəfər yoxdur..."
Məsələ diqqətimizdədir...