Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı-Tehran münasibətlərində nisbi sabitlikdir
Bakı-Tehran münasibətlərində nisbi sabitlikdirBu gün, 09:37 |
|
"Hazırda Azərbaycan-İran münasibətləri normal və stabil səviyyədədir". Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib. Prezidentin köməkçisi Tehrandakı səfirliyə silahlı hücumla bağlı yaranan diplomatik böhranın artıq həll edildiyini qeyd edib. Onun sözlərinə görə, hücum edən şəxs İran qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb edilib və Azərbaycan “tamamilə o səhifəni bağlayıb”. Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb. O, Bakı–Tehran əlaqələrində yeni nəqliyyat layihələrinin də gündəmdə olduğunu vurğulayıb: Azərbaycan–İran sərhədində, Araz çayı üzərindən inşa edilən Ağbənd–Kəlalə yolu və körpüsü 2025-ci ilin sonuna qədər struktur baxımından tamamlanacaq. Gömrük və sərhəd infrastrukturunun 2026-cı ilin əvvəllərində qurulması planlaşdırılır. Biz İranı qonşu, strateji tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyə ümid edirik". Politoloq Vasif Əfəndiyev isəSherg.az-a açıqlamasında bildirib ki, Bakı-Tehran münasibətlərindəki sabitlik davam edəcək, lakin bu, daimi sabitlik olmayacaq. Tərəflər həssas siyasi tarazlıq üçün davamlı işləməlidirlər: “Tehrandakı Azərbaycan səfirliyinə hücumdan sonra yaranmış diplomatik böhranın rəsmi şəkildə aradan qaldırılması Bakı–Tehran münasibətlərində nisbi sabitlik yaratsa da, bu sabitliyin uzunmüddətli və dayanıqlı olacağı hələlik tam qarantiyalı görünmür. Prezident Administrasiyasının rəsmisi Hikmət Hacıyevin son açıqlaması iki ölkə arasında siyasi dialoqun bərpa olunduğunu göstərsə də, qarşılıqlı etimadın tam bərpası daha geniş və ardıcıl addımlar tələb edir. Hazırkı mühitdə Azərbaycan və İran açıq qarşıdurmadan yayınmağa üstünlük verir. Şimal–Cənub nəqliyyat dəhlizi kimi böyük regional layihələr, rəhbərlik səviyyəsində yumşalmış ritorika və geosiyasi risklərin artması tərəfləri daha praqmatik siyasət yürütməyə sövq edir. Lakin regionda dəyişən güc balansı, İsrail–İran rəqabətinin Bakı üzərində yaratdığı təzyiqlər, Ermənistan–İran yaxınlaşması və Tehranın daxilində sərt xətt tərəfdarlarının təsir imkanları münasibətləri kövrək saxlayan əsas risklər kimi qalır. Bu səbəbdən Azərbaycan–İran münasibətlərinin gələcək inkişafı həm siyasi iradənin davamlılığına, həm də təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional koordinasiya üzrə atılacaq ardıcıl addımlara bağlıdır. Mövcud stabillik real olsa da, mühitin dəyişkənliyi fonunda bu balansın qorunması üçün hər iki ölkə daim aktiv diplomatik əlaqələri və qarşılıqlı anlaşmanı gücləndirməli olacaq”. Geri qayıt |