Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək...
Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək...Bu gün, 08:05 |
|
AXCP sədri Əli Kərimli barəsində həbs-qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbayel rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Ə.Kərimli ilə yanaşı, Faiq Əmirli, Fariz Əlizadə, Saleh Rüstəmli və Kərimlinin mühafizəçisi Ruslan Əmirov kimi partiya fəalları da saxlanılıb. Sonradan həmin şəxslərdən F.Əmirli və S.Rüstəmli azad olunub. Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. Onu hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qarşılayıb. Qəzet çapa gedənə qədər son xəbərə görə, G.Hacıbəyli DTX-nın İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev işi” çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb. Bu arada “Ramiz Mehdiyev işi”ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli olub. APA-nın xəbərinə görə, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir. Sorğulamalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb. Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB - İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olur. Bundan dərhal sonra, Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb “Milyarderlər İttifaqı”nın kapitalı ətrafında Milli Şura yaradır. Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni (həyatının növbəti ciddi səhvini edərək) Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı “Milli Şura”nın alətinə çevirir. Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evindən çıxıb. Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb, bir qismi iğtişaşlara cəlb olunan şəxslərə təklif olunub və sair. Xeyli vaxtdır çoxlarının diqqətini çəkirdi ki, Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə qovuşub. Daha əvvəl mətbuatda yayılan məlumata əsasən, DTX-nın AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və sair sənədlər tapılıb. DTX-nın faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş qoşmadığı məlumdur. Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz “haqqı”nı əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında. Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib (təmir olunmuş vəziyyətdə). Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Bəs G.Hacıbəylinin aylıq vəsaitləri haralardan gələcəkmiş ki?! Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır. Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a ötən əsrin 90-cı illərindən Mehdiyevin komanda yığdığını deyib: “Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edildikdən sonra onun hələ uzun illər öncə bu iddiada olması barədə fikirlərimi mətbuat səhifələrində və TV kanallarda bölüşmüşəm. Adam hələ 1990-cı illərin ikinci yarısında bu çirkin məqsədini reallaşdırmaq üçün özünə "komanda" yığırdı. Bu bir həqiqətdir. Onun müxalifət cəbhəsində tərəfdarlarının olması da heç şübhəsizdir. Və bu gün bütün bu düyünlərin üstü açılır. Hakimiyyət, onun fəaliyyətində yalnız qara axtarışında olan və özünü ana müxalifət adlandıran bu qaragüruhu demək olar ki, heç zaman maliyyələşdirməyib. Əgər rəsmi dövlət qeydiyyatından keçmiş hər hansı bir belə partiya nə vaxtsa dövlətdən yardım alıbsa belə, bu, sadəcə olaraq, partiyanın cari xərclərini örtməyə yetəcək bir həddə ola bilərdi. Bəs özünə cah-cəlal düzəltmiş, 7-8 qoruyucu saxlayan, övladları xaricdə oxuyan, heç yerdə əmək fəaliyyəti olmayan Əli Kərimli kimilərin milyonlarla manat maliyyə vəsaitlərini haradan, kimdən alırdı? Hesab edirəm ki, istintaq bütün bu suallara cavab verəcək. Azərbaycan hakimiyyətinin kürsüsündə oturub müxalifəti maliyyələşdirənlər bir gün bunun hesabatını verəcəklərini bilməli idilər. İndi o gün gəlib çatdı. Ramiz Mehdiyevin əyri yollarla mənimsədiyi milyardlarla dollar vəsaitlər hesabına müxalifəti necə maliyyələşdirdiyi faktları tam ortaya çıxacaq. Kim nə dona girirsə girsin, əyri yol sonda adamı gətirib düzə çıxarır. Bu gün də biz buna bir daha şahidlik edirik". Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun da mövqeyi diqqət çəkir: “Ramiz Mehdiyev uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib və gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləyib, onlarla birlikdə dövlət çevrilişinə cəhd edib. Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX - nın istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmalarına şübhə yeri qoymur. Göründüyü kimi, bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP-yə daşımış olur. Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi". Qeyd edək ki, ötən gün Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Geri qayıt |