Əsas Səhifə > Ana xəbər / Güney Press > Dəyərini itirən manatın SABİT KURSU...

Dəyərini itirən manatın SABİT KURSU...


Bu gün, 06:06

“Fitch Solutions”nun manatın məzənnəsi ilə bağlı açıqlaması diqqət çəkib. Bildirilib ki, Mərkəzi Bankın ehtiyatlı siyasəti, kifayət qədər valyuta ehtiyatları və idarə olunan üzən məzənnə sistemi yaxın illərdə manatın sabit qalmasına kömək edəcək. Sözügedən məlumata rəğmən, vətəndaşlar bununla bağlı tərəddüd içindədirlər.

Yaxın zamanlarda manatın taleyi necə olacaq?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, “Fitch Solutions”un analizləri müəyyən məntiqi çərçivədədir.

Onun sözlərinə görə, indiyə qədər manatın sabit saxlanması istiqamətində Mərkəzi Bank və Dövlət Neft Fondu müvafiq tədbirlər həyata keçirirdi:

“Müəyyən mexanizmlər və alətlərdən istifadə olunurdu, yəni hansısa zərurət yarandığı halda, bazara əlavə vəsait çıxarılırdı. Bu praktika indiyədək davam edir. 2026-cı ildə belə risklərin olub-olmayacağı sualı düşündürür. Dövlət büdcəsinə daxil olan vəsaitin böyük hissəsi neft gəlirlərindən əldə olunur və bu sahədə hər hansı ssenarinin dəyişməsi müəyyən risklər yarada bilər. Dünyanın yaşıl enerjiyə keçidi ilə bağlı bir sıra addımlar mövcuddur. Hazırda bu proses birbaşa ciddi təsir göstərməsə də, 1-2 il ərzində risklərin reallaşması mümkündür. Bu, xüsusilə Azərbaycanın ixrac etdiyi karbohidrat ehtiyatlarına tələbatın azalması ilə əlaqəlidir”.

İqtisadçı deyib ki, idxal-ixrac əməliyyatları da müəyyən çətinliklər yarada bilər:

“İdxalın artması ölkədən külli miqdarda valyuta çıxmasına səbəb olur və bəzi məhsullarda qiymət artımı idxal xərclərinin yüksəlməsinə gətirib çıxarır. Bu risklərin fonunda isə dövlət büdcəsində üç fərqli ssenari müəyyən olunub. Hər üç ssenariyə uyğun olaraq ölkədə maliyyə tənzimləyici funksiyanı həyata keçirən Mərkəzi Bank müvafiq alətlərdən istifadə edir”.

Asif İbrahimovun fikrincə, aprel ayına qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir:

“Eyni zamanda, bu qərarlar həm ümumi iqtisadi fond, həm də fiskal gəlirlər fonunda qəbul olunur. Son 10 ildə də Mərkəzi Bank bütün maliyyə alətlərindən istifadə edərək manatın məzənnəsində stabilliyi təmin edib”.


Geri qayıt