Əsas Səhifə > Ana xəbər / Güney Press > "Son 30 ildə AXCP bu ənənənin Azərbaycandakı əsas daşıyıcılarından biri olub"

"Son 30 ildə AXCP bu ənənənin Azərbaycandakı əsas daşıyıcılarından biri olub"


Bu gün, 13:43

Ramiz Mehdiyev barəsində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işinin başlaması son dövrlərin əsas gündəm mövzusu idi.
AXCP sədri Əli Kərimlinin, AXCP və Milli Şura rəhbərliyinin bu cinayət işi ilə bağlı istintaqa cəlb olunması cəmiyyətdə çox böyük səs-küyə və müzakirələrə səbəb oldu.
Hüquqi baxımdan yanaşaq. AXCP və Milli Şura rəhbərliyi və ətrafı istintaqa cəlb olunublar, son məlumata görə artıq Əli Kərimliyə hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham verilib və onun barəsində araşdırma Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. Yəqin, yaxın zamanda hüquq-mühafizə orqanlarının rəsmi mövqeyi də açıqlanacaq.
Bütün hallarda istintaqın gedişini və nəticələrini gözləmək hüquqi baxımdan daha doğru yoldur. Amma təbii ki, siyasi baxımdan hadisələri araşdırmaq, mülahizələr söyləmək də hər kəsin haqqıdır.
AXCP və hakimiyyətə qarşı radikal mövqedə olanlar ciddi-cəhdlə bu işin qurama olduğunu sübut etməyə çalışırlar.
Amma baxaq, əgər əsas yoxdursa AXCP-nin hakimiyyət üçün təhlükə törətmək baxımından bu qədər zəif olduğu dövrdə hakimiyyətin nəyinə lazımdır ki, bu işin içinə girsin. Bir halda, Azərbaycanı sevməyən xarici dairələrə bir bəhanə lazımdır ki, Azərbaycana qarşı hücuma keçsinlər, ölkəmizin beynəlxalq imicinə zərbə vursunlar.
Belə bir "arqument"də səsləndirilir ki, AXCP-Milli Şura Rusiya -Ukrayna savaşında Ukraynanın yanında durub.
Durub nə edib? Heç kəs bu qüvvələrin nə Rusiya, nə İran, nə də bizə qarşı düşmənçilik edən qərb qüvvələrinin və dövlətlərinin əleyhinə bir mövqe ortaya qoymaqlarının şahidi olmayıb.
44 günlük müharibədə birbaşa ermənilərin arxasında duran Fransanın və digər Anti-Azərbaycan mövqeyində olan ölkələrin səfirliklərinin keçirdikləri tədbirlərin ön cərgəsində olublar. 44 günlük Vətən müharibəmizdə siyasi birliyimizi pozan addımlar atıblar.
Digər tərəfdən, Gədəbəyin keçmiş İcra başçısı pulu AXCP rəhbərliyinə və onun media quruluşlarına məhz Rusiyadan göndərmirdi? Bu ki, onun videoçəkilişə alınmış ifadələrində aydın görsənir.
Bütün bunlar onsuz da zəifləmiş siyasi partiyalarımızın daha da zəifləməsinə səbəb olur. Xarici qüvvələrdən asılılıq və xarici qüvvələrə söykənərək hakimiyyətə gəlmək pis ənənədir. Son 30 ildə AXCP bu ənənənin Azərbaycandakı əsas daşıyıcılarından biri olub. Artıq bu pis ənənəyə son qoyulmalıdır.
Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Kimliyindən asılı olmayaraq dövlətin, millətin əleyhinə fəaliyyət göstərən, hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə cəhd göstərən hər kəs öz layiqli cəzasını almalıdır.

Elşad Musayev - deputat 

"DİA-AZ"


Geri qayıt