Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının Rusiyadan 4 tələbi qüvvədə qalır
Bakının Rusiyadan 4 tələbi qüvvədə qalırBu gün, 13:35 |
|
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə Azərbaycan və Rusiya liderləri səviyyəsində müzakirə edildiyini bildirib. Hikmət Hacıyev deyib ki, “Bu məsələlər həll olunan zaman, biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”. Siyasi analitiklər hesab edir ki, Azərbaycan Prezidentinin köməkçisinin bu açıqlaması Bakının tələblərinin qüvvədə qaldığının növbəti dəfə yüksək səviyyədə bəyan edilməsidir. Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Azərbaycan həmişə qonşu ölkələrlə yaxşı münasibətlər saxlamağın tərəfdarı olub və bunun üçün daim təşəbbüslərlə çıxış edib: “Çox təəssüf ki, bizdən asılı olmayan səbəblərdən bəzən qonşulardan adekvat münasibəti görmürük. Bunların çox bariz nümunələrindən birini də Rusiya-Azərbaycan münasibətlərində yaşamış olduq. Artıq bir ildir baş vermiş hadisənin bu günə qədər davam edən enişli-yoxuşlu mərhələləri onu göstərir ki, münasibətlərin yaxşılaşması üçün doğrudan da hörmətli Hikmət Hacıyevin qeyd etdiyi kimi, Düşənbə görüşündən sonra ən real imkanlar yaranıb. Köhnə münasibətləri Rusiya ilə bərpa etmək üçün ən real mərhələyə qədəm qoymuşuq. Ancaq Azərbaycanın tələbləri qüvvəsindədir. Azərbaycanın gözləntiləri bundan ibarətdir ki, təyyarəmizin vurulması ilə bağlı yaradılmış komissiyanın yekun rəyi açıqlansın və bu rəy Rusiya tərəfindən qəbul edilsin, Rusiya buna başqa bir don geyindirməsin. İkinci məsələ ondan ibarətdir ki, kompensasiya ödənilsin. Digər iki məsələ isə həll olunmuş hesab edilə bilər. Görünür, Prezidentin köməkçisi Hikmət Hacıyevin gözləntiləri də əslində sonuncu iki məsələnin aydınlığa qovuşması ilə bağlıdır ki, bu da tamamilə haqlı və məntiqli gözləntidir”. Deputatın sözlərinə görə, nəticə etibarilə artıq bu məsələ yekunlaşmalıdır ki, münasibətlər də yeni mərhələyə qədəm qoysun. Musavat.com Geri qayıt |