Əsas Səhifə > Ana xəbər / Güney Press > Fransanın tapşırıqları Ermənistan üçün birinci dərəcəli vəzifə sayılır...

Fransanın tapşırıqları Ermənistan üçün birinci dərəcəli vəzifə sayılır...


Bu gün, 07:06

“Avropa İttifaqı, Avropa Şurası uzun illər Azərbaycanın milli maraqlarının əksinə çıxış ediblər və bu gün də bu özünü göstərməkdədir. Onlar Ermənistana dəstək verməklə Cənubi Qafqazda öz mövqelərini gücləndirmək, müəyyən təsir mexanizmlərindən istifadə edərək Azərbaycana öz diktələrini etmək fikrindədirlər. Ancaq prezidentimiz cənab İlham Əliyev həmişə bəyan edib ki, Azərbaycan heç bir dövlətin diktəsi ilə işləmir və Azərbaycan xalqının mənafeyinin əksinə olan hər hansı bir tələb, təkid qəbuledilməzdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, biz bu tələb və təkidləri uzun illər həyatımızda hiss etmişik.

“Azərbaycan torpaqları işğal altında olarkən əksər beynəlxalq təşkilatlar, eləcə də Avropa İttifaqı və Avropa Şurası Parlament Assambleyası Azərbaycanın haqlı tələblərini bir dəfə də dilə gətirib, Ermənistanı təcavüzkar əməllərindən çəkindirmək istəmədilər. Əksinə, Azərbaycan haqqında əsası olmayan qətnamələr qəbul edildi, bəyanatlar verildi və bir çox hallarda hətta ölkəmizi təcavüzkar dövlət kimi qələmə verdilər.

Avropa liderlərinin, başda Fransa olmaqla bəzilərinin təklifi, təkidi ilə Ermənistanda müşahidə aparmaq adı ilə kəşfiyyat bunları bu ərazidə yerləşdirildi. Onlar xeyli müddətdir ki, həmin ərazidədirlər guya müşahidə aparırlar, müəyyən məsələlərə dəstək vermək və Azərbaycan-Ermənistan münasibətlərində bir sabitlik yaratmaq niyyətindədirlər. Ancaq görünən tamamilə başqadır. Onlar sərhədlərimizdə əməllərini həyata keçirirlər, dövlətimiz haqqında yanlış fikirlər formalaşdırırlar, saxta məlumatlar ötürməklə məşğuldurlar.

Azərbaycan dövləti bütün bunları yaxşı bilir və sözsüz ki, qabaqlayıcı tədbirlər görülür. Erməni daşnaklarının təcavüzkarların ayağı Qarabağ torpaqlarından tam kəsildikdən sonra, sözsüz ki, bu missiyanın fəaliyyəti gərəksizdir. Onlar ara qarışdırmaqla, münaqişəni qızışdırmaqla və Ermənistana müəyyən məsləhətlər verməklə məşğuldurlar. Bu, təbiidir. Çünki Ermənistan müstəqil siyasət yürüdən dövlət deyil, başqa dövlətlərin təsiri altındadır və daimi olaraq öz havadarlarına arxalanır, onların bu gün də tapşırıqlarını yerinə yetirməkdədir. Avropa İttifaqının və Avropa Şurasının, xüsusilə Fransanın tapşırıqları Ermənistan dövləti üçün birinci dərəcəli vəzifə sayılır. Çünki hakimiyyəti idarə edənlərə yollar göstərənlər, məhz bu qüvvələrdir”-deyə deputat qeyd edib.

Tahir Rzayev hesab edir ki, bu gün Ermənistanın sərhəddə müəyyən hərbi qüvvə yerləşdirilməsi, təşviş doğurmamalıdır.

Deputatın fikrincə Amerikada imzalanan bəyanatın yerinə yetirilməsinin müəyyən qaydada ləngidilməsi də təəccüblü deyil: “Hamıya məlumdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müəyyən vaxt qazanmaq, daxildə mövcud olan böhranı aradan qaldırmaq, daxili qüvvələri neytrallaşdırmaq üçün müxtəlif gedişlərə əl atır və müəyyən fon yaratmaq fikrindədir”.


Geri qayıt