Əsas Səhifə > Ana xəbər / Güney Press > Mərkəzi Asiya maraqların toqquşduğu regiona çevrilir

Mərkəzi Asiya maraqların toqquşduğu regiona çevrilir


Bu gün, 06:47

Mərkəzi Asiya xarici siyasət sahəsində ciddi dinamika dövrünə daxil olub. Cəmi bir neçə ay ərzində region güc balansını ciddi şəkildə dəyişən iri diplomatik görüşlərin meydanına çevrilib.

Əvvəlcə Mərkəzi Asiya ölkələrinin liderləri С5+1 sammitində iştirak üçün Vaşinqtona gediblər. ABŞ sammitdə onlara əməkdaşlığın yeni modelini təklif edib və açıq şəkildə bildirib ki, regionda strateji marağı var.

Bundan bir neçə həftə sonra Daşkənddə daha bir əlamətdar görüş baş tutub – bu dəfə Azərbaycanın iştirakı ilə. Bu isə faktiki olaraq yeni “5+1” siyasi konstruksiyasının formalaşmasına gətirib çıxardı. Yeni konstruksiyada artıq Qərb yoxdur, amma Ankaranın və Cənubi Qafqazın nəzərəçarpan təsiri var. Bu barədə Eurasia Today yazır.

Bu hadisələr göstərdi ki, Mərkəzi Asiya artıq əvvəlki çərçivələrlə məhdudlaşmır və müxtəlif xarici-siyasi kombinasiyalar axtarır. ABŞ, Türkiyə və Azərbaycanın fəallaşması fonunda Rusiya elə bir situasiyada qalıb ki, ənənəvi təsir mexanizmlərinin yenidən işə salınması tələb olunur.

Moskva məhz bu yeni reallıqda hadisələrə ona xas formada reaksiya verməyə məcburdur – rəqiblərinin layihələrinə qarşı yönəlmiş reaktiv addımlarla, onların qarşısını almağa çalışmaqla. Bütün bunlar regional paytaxtların çoxvektorlu siyasətinin güclənməsi, xarici aktorların artan marağı və Avrasiya qitəsinin mərkəzində tədricən müstəqil güc mərkəzinin formalaşması fonunda baş verir.

Buna görə də, Putinin Qırğızıstan səfəri Kreml üçün sadəcə diplomatik jest deyil. Kreml sahibi bu səfərlə artıq heç kimin “periferiya zonası” olmayan, xüsusilə də regional təhlükəsizlik kontekstində sürətlə dəyişən bölgədə özünü yenidən əsas oyunçu kimi təqdim etməyə cəhd edir.

Bəs, Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid geosiyasi konturda birləşdirən “altılıq” formatını Moskva üçün həyəcan siqnalı saymaq olarmı? Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı nəzərə alınarsa, NATO üzvü olan bu ölkənin Mərkəzi Asiyaya təsiri daha da arta bilərmi? Putinin bütün bunlara qarşı əlində hansı rıçaqlar var?

Pressklub.az-ın suallarına tanınmış qırğız politoloq Emil Curayev cavab verib.

Onun sözlərinə görə, Rusiyanın xarici siyasətində Mərkəzi Asiyanın yeri həmişə çox vacib olub və həlledici xarakter daşıyıb. “Son vaxtlar, xüsusilə Ukrayna müharibəsinin başlamasından sonra çoxları gözləyirdi ki, həqiqətən də Rusiyanın Mərkəzi Asiyada təsiri və ümumilikdə mövcudluğu zəifləyəcək. Və bu proqnoz hansısa dərəcədə özünü doğruldur. Amma əlbəttə, Rusiyanın regiondan tam çəkildiyini və ya diqqətini tam Ukraynaya yönəltdiyini demək olmaz . Əksinə, bəzi istiqamətlərdə Rusiyanın mövcudluğu daha da kəskinləşib.

Bununla belə, Rusiyanın Mərkəzi Asiyadakı təsirinin xüsusi çəkisi həqiqətən qeyri-stabil, keçid dövrü kimi görünən bir mərhələdədir. Çin təsirini artırır, beş ölkə arasında daxili regional əməkdaşlıq dərinləşir. Bu sırada sonuncu önəmli hadisə isə ABŞ-ın Mərkəzi Asiya liderlərini Vaşinqtona dəvət edərək, orada С5+1 formatında çox əlamətdar tədbir keçirməsi oldu.

Bundan əlavə, təbii ki, Çinin aktivliyini və beş ölkədən ibarət regiona cəlb olunmasının miqyasını da nəzərdən qaçırmaq olmaz.

Və ən son hadisə diplomatik şəkildə Məsləhətçi İşçi görüş adlandırılan - yeddinci Mərkəzi Asiya sammitinin keçirilməsi idi. Bu sammitdə ən əhəmiyyətli məqam oraya Azərbaycanın da daxil edilməsidir. Azərbaycan dəvət olundu və artıq formatda altıncı ölkə kimi yer aldı. Beləliklə, bu artıq sadəcə МА-5 deyil, Mərkəzi Asiya + Cənubi Qafqaz-1 olacaq. Bu, çox vacib hadisədir. Azərbaycan kiçik ölkə olmasına baxmayaraq çox sürətlə inkişaf edən və geosiyasi çəkisi yüksək olan əsas oyunçudur”, – politoloq bildirib.

Onun fikrincə, Azərbaycanın Türkiyə ilə əlaqələri, Azərbaycanın Türkiyə, Rusiya və digər dövlətlərlə qarşılıqlı münasibətləri, Mərkəzi Asiyanın Azərbaycanla birlikdə regional mövqeyini necə quracağına və Moskvanın buna necə baxacağına ciddi təsir göstərir.
Bu, Putin üçün çox önəmlidir. Və əlbəttə, Azərbaycanın bu qrupa qoşulmasının Moskva üçün müsbət siqnal olduğunu qətiyyən demək olmaz. Rusiyanın iştirak etmədiyi belə regional birliklərin genişlənməsi onların maraqlarına uyğun deyil. Bu səbəbdən məncə, Rusiya indi Mərkəzi Asiyada öz mövcudluğunu və təsirini mümkün olan bütün vasitələrlə yenidən gücləndirməyə çalışacaq.

Qırğızıstanla bağlı deyə bilərəm ki, Moskva burada informasiya varlığını çox gücləndirib. Tamamilə Rusiya tərəfindən maliyyələşdirilən yeni televiziya kanalı açılıb, təhsil sahəsində böyük fəallıq müşahidə olunur. Düşünürəm ki, Rusiya potensial təbliğat-informasiya və təhsil layihələri vasitəsilə regionda möhkəmlənməyə çalışacaq. Və əgər bunu Qırğızıstanda bacarsa, bu ona regionun digər ölkələrinə təsirini daha da genişləndirmək imkanı verəcək”, – deyə Curayev bildirib.


Geri qayıt