Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda binalarda qazdan imtina edilir?
Azərbaycanda binalarda qazdan imtina edilir?Bu gün, 06:39 |
|
“Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında bildirilir ki, Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazdan imtina edərək onları bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır. Bu çərçivədə elektrikli istilik nasosları, elektrik plitələri, müasir izolyasiya materialları, LED işıqlandırma və enerjiyə qənaət edən məişət texnikasının quraşdırılması nəzərdə tutulur. Məqsəd binaların enerji səmərəliliyini artırmaq və dekarbonizasiya hədəflərinə çatmaqdır. Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirdi ki, 100 ildir ki, Azərbaycan xalqı qazdan istifadə edir: "Nə oldu, birdən-birə imtina edəsi olduq? Qaz ən ucuz, ən sərfəli yanacaq növüdür. Necə olur ki, Avropada ondan yoxdur, amma bizdən qaz alırlar? İndi biz öz qazımızı bəyənmirik. Nə məsələdir, xeyir ola? Elə deyil axı, bunun xeyrindən çox ziyanı olacaq. Əvvəla, qazda olan komfort işıqda yoxdur. İkincisi, bütün işıq sistemi dəyişilməlidir. Kabellər dəyişilməlidir. Elektrikdə yüksək dərəcədə yüklənmə baş verəcək. Evdə yanğın hadisələri artacaq. İnsanlar təhlükə altında yaşayacaqlar. Bunu kim ortaya atıb? Bu absurddur. Biz buna hazır deyilik. Bütün 100 ildə qurulmuş qaz sistemi dəyişilməlidir. Minlərlə, milyonlarla kombi sistemi var, hansı ki, qazla işləyir. Kalonkalar var, qızdırıcı aparatlar var. Bunların taleyi nə olacaq? Onda gərək "Azəriqaz"ı tamam bağlasınlar, 12 min işçi işsiz qalsın". Müsahibimiz əlavə etdi ki, Amerikada 20 milyondan çox əhalisi olan Nyu-York şəhəri qazdan istifadə edir. "Bütün Amerika və Avropa qazdan istifadə edir. Məsələn, Kanadada işıqla istifadə edirlər, çünki onların qaz mənbəyi yoxdur. İşığı bünövrədən elə qurublar ki, vərdiş ediblər işıqla işləməyə. Amma qazı olan ölkə öz ən sərfəli yanacaq növündən imtina edib, elektrik enerjisinə keçir. Bu əsas elmi və praktiki səbəblərlə əsaslandırılmalıdır. Məsələ nədir? Məsləhət pulsuzdur deyə, yerindən duran məsləhət verir. Bu məsələnin iqtisadi tərəfi, mənəvi tərəfi və sərfəli tərəfi barədə düşünən yoxdur. Mən 50 ildir bu sistemdə işləyirəm, qazın faydasını bilirəm və bunu hamıya danışmışam. Daşınması sərfəlidir, saxlanması sərfəlidir, istifadəsi sərfəlidir. Niyə durduğumuz yerdə biz qazdan istifadə etməliyik? Bunlar çalışırlar ki, Azərbaycan millətini zəlalətə salsınlar, qazı əlindən alıb kapitalist ölkələrinə satsınlar. Qonşu Türkiyə, qonşu Ermənistan hamısı qazdan istifadə edir. Heç bir əsassız, elmi əsası olmayan, ağılsız bir fikirdir", - deyə Nüsrət Qasımov vurğuladı. Geri qayıt |