Əsas Səhifə > Ana xəbər / Güney Press > "Mədəniyyət Nazirliyində bu qədər geniş səlahiyyəti sizə kim verib?"
"Mədəniyyət Nazirliyində bu qədər geniş səlahiyyəti sizə kim verib?"Dünən, 17:28 |
|
Cahangir Səlimxanov, cavabınızı oxudum və açığı, gülməli gəldi. Siz 46 illik fəaliyyətinizdən, Mədəniyyət Nazirliyinin hesabına istirahətə getdiyiniz ölkələrdən, 7 universitetdə dərs deməyinizdən danışırsınız. Mən isə mədəniyyət sahəsində qurduğunuz lobbilərdən, gizli şəbəkədən və təsir mexanizmindən danışıram. Aradakı fərqi indi gördünüz? Sualım çox sadədir və hələ də cavabsızdır: Siz Soros Fondunun Bakıdakı nümayəndəsiniz, ya yox? Bəli və ya xeyr. Mədəniyyət Nazirliyində bu qədər geniş səlahiyyəti sizə kim verib? Ad deyin. 65+ yaş limiti niyə sizə şamil edilmir? Fərəh Əliyevanın himayəsi sayəsində? Bu qaydalar sadəcə arxasında adamı olmayanlara, müəllimlərə, mədəniyyət işçilərinə, imkansız insanlara işləyir, məmurlara işləmir?
7 universitetdə dərs deməklə yanaşı Mədəniyyət Nazirliyində müşavir vəzifəsini necə icra edirsiniz? Vaxtınız fövqəltəbii şəkildə artır, yoxsa kreslonuz formal ödəniş üçün nəzərdə tutulub? Hələ utanmadan tutduğunuz vəzifələrin və iş yerlərinizin siyahısını da yazırsınız. Sanki çox işləməyiniz fəxarətdir, amma əslində bu kreslolardan doymaq bilməməyinizin göstəricisidir.
Ölkədə yüzlərlə potensiallı, ali təhsilli gənc iş tapa bilmir. Çünki sizin kimi kreslodan doymaq bilməyən məmurlar onların yolunu bağlayır.
Azərbaycan mədəniyyəti naminə hansı böyük layihəyə imza atmısınız? Əgər doğrudan da “mədəniyyətə xidmət etdiyinizi” düşünürsünüzsə buyurun, ərizənizi yazın. Kreslonuzu gənc kadrlara verin. Yoxsa “mədəniyyəti təbliğ etmək” sadəcə vəzifə yığmaq və maaş almaq deməkdir?
Guya mən “Mədəniyyət Nazirliyinə qarşı qarayaxma kampaniyası aparıram” deməyiniz isə tamamilə gülüncdür. Kampaniya çox adamla olar. Mən isə təkbaşına sizin kimi məmurlara qarşı mübarizə aparıram.
Mədəniyyət sahəsində yüksək vəzifəli məmurlar tərəfindən davam edən haqsızlıq və gizli oyunları ifşa etmək üçün Akademik Milli Dram Teatrında ərizəmi yazıb masanın üstünə qoydum ki, söz azadlığıma məhdudiyyət qoyulmasın.
Cənab Prezident dəfələrlə bildirib ki, məmur özbaşınalıqları mətbuat vasitəsilə ictimaiyyət tərəfindən işıqlandırılmalıdır. Mən də məhz buna əsaslanaraq, heç kimin sifarişi olmadan, heç kimə arxalanmadan təkbaşına mübarizə aparıram.
Mehriban Xanlarova - əməkdar artist
"DİA-AZ"
Geri qayıt |